Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevdən regiona və dünyaya mühüm ismarışlar – Tənzilə Rüstəmxanlı yazır

İlham Əliyevdən regiona və dünyaya mühüm ismarışlar – Tənzilə Rüstəmxanlı yazır


Tarixi Vaşinqton sammitindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Müsahibə bir sıra vacib geosiyasi məsələlərin müzakirəsi və ölkənin regional siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq hadisə oldu.

Prezident Əliyev ikitərəfli və üçtərəfli görüşlərin, imzalanan sənədlərin region üçün tarixi önəm daşıdığını vurğulayıb. O, bu anı “tarix yazan gün” kimi dəyərləndirərək bildirib ki, bu razılaşma vasitəsilə ona görə vəhdət əldə olundu ki, tərəflərdə geri addım olmayacaq. Bu gün əldə olunan razılaşma sabit, əbədi sülhə gətirib çıxaracaq.

Bu baxımdan prezident imzalanan sənədə dəqiq qiymət verib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır”.

Azərbaycan Prezidenti bölgəyə sabitlik və təhlükəsizliyin gətirəcəyi faydanı, eləcə də uşaqların parlaql gələcəyi üçün bu prosesin əhəmiyyətini vurğulayıb: “Konfrontasiya səhifəsi bağlanacaq, bizim uşaqlar üçün parlaq və təhlükəsiz gələcək təmin ediləcək.”

Zəfər savaşından sonra proseslərin xronoloji ardıcıllığına diqqət etsək, görərik ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşü İlham Əliyev üçün diplomatik fəaliyyətinin zəncirvari uğuru oldu. Hərbi və siyasi qələbələrinin beynəlxalq aləmdə qəbul edilməsinə, regionda ABŞ-nin strateji rolunun möhkəmlənməsinə və Azərbaycanın gələcək inkişafı üçün faydalı nüfuz gözətçiliyinin formalaşmasına xidmət etdi.

ABŞ – Azərbaycan münasibətlərinin indiki inkişaf xəttində iki ölkə liderinin münasibətləri xüsusi önəm daşıyır ki, bu məqam president İlham Əliyev tərəfindən də ifadə olunub: “Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur”.

Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik. Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən, Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq”.

Vaşinqtin görüşü və imzalanan sənədlər həqiqətən də Cənubi Qafqazın sülh və sabitlik vahəsinə çevrilməsi üçün həlledici rol oynaya bilər. Prezident İlham Əliyev böyük strateq olduğunu artıq dəfələrlə təsdiqləyib.

Bu mənada Cənab Prezidentin bu sözləri Vaşinqton görüşü ərəfəsində tam da yerinə düşür: “Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq. Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik”.
Xəbəri paylaş