
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən Newscenter.az-a verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib və qurumun fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Assosiasiyanın fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, AQC-nin tərkibində Elmi-Metodiki Şura yaradılıb. Ölkəmizin nüfuzlu iqtisadçı alimlərinin şurada təmsil olunduğu barədə məlumat verən Vüqar Oruc bildirib ki, onun sərəncamı ilə şuraya AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev rəhbərlik edəcək.
Sədrin AQC-nin tərkibində Elmi-Metodiki Şuranın yaradılması və iqtisadçı alim İbrahim Quliyevin şuraya südr seçilməsi ilə bağlı sərəncamı İdarə Heyəti tərəfindən yekdilliklə təsdiq edilib. Qərara alınıb ki, AQC-nin nəzdində elmi jurnal fəaliyyətə başlayacaq. Müntəzəm dövrülüklə dərc olunacaq jurnalda təkcə qiymətləndirmə sahəsi ilə bağlı deyil, ekosistemin digər istiqamətləri ilə də bağlı elmi məqalələr tirajlanacaq.
Cəmiyyətin üzvü olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəznində Azərekspertiza Birliyinin müraciəti müzakirə olunaraq AQC-nin müvafiq rəsmilərinə təşkilatın cavab məktubunun hazırlanması həvalə edilib. AQC İdarə Heyəti bütün problemlərin Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti haqqında Qanunun tələblərinə uyğun şəkildə həll olunmasının vacibliyini vurğulayıb. Cəmiyyətin dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri, habelə Azərbaycan Qiymətləndiricilər Palatası ilə əməkdaşlığının daha da artırılması qərara alınıb. İdarə Heyətinin üzvləri qiymətləndirmə sektorunun mövcud problemləri, inkişaf dinamikası ətrafında məruzələrlə çıxış ediblər.
Süleyman