
"Oktyabrın 15-də Azərbaycan qlobal Zirvə Toplantılarından birinə ev sahibliyi etdi. Zirvə Toplantısında Azərbaycan Prezidenti çıxışında nəinki regionumuz, bütövlükdə daha geniş coğrafiyada bölgə üçün strateji hədəfləri elan etdi. Artıq 23 ildir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji məqsədləri reallaşdırır. Dünən həmçinin Azərbaycan Prezidentinin dövlət başçısı seçilməsindən 23 il ötdü.
Azərbaycan Prezidentinin Zirvə Toplantısında qeyd etdiyi kimi, ölkəmiz 30 il ərzində kağız üzərində qalan qətnamələri icra etməklə yanaşı, həm də iqtisadi gücünü daha da artdı. Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb. Qlobal iqtisadi artımla müqayisədə isə Azərbaycanın ÜDM-i həmin dövrdə daha sürətlə artıb. Qlobal ÜDM 39,3 trilyon dollardan 118 trilyon dollara yüksələrək 3 dəfə artmışdır. Bu isə göstərir ki, Azərbaycanın iqtisadiyyatı qlobal iqtisadi artımla müqayisədə 100 faizdən çox sürətlə böyüyüb".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, büdcə gəlirlərimizdə 30 dəfədən çox artım qeydə alınıb və dövlət rezervləri 2 milyard dollardan 90 milyard dollara qədər yüksəlib:
"Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi 9,4 trilyon dollardan 33 trilyon dollara qədər yüksəlsə də, Azərbaycan ticarət dövriyyəsindəki artım qlobal göstəricidən təxminən dörd dəfə yüksək olub.
Bu faktlar bir daha təsdiq edir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi siyasət sonrakı dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bu gün Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir".
Deputat diqqətə çatdırıb ki, zəfərdən keçən müddətdə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpa-yenidən qurulmasını intensiv şəkildə davam etdirir:
"Yalnız dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 26 milyard manata yaxın vəsait ayrılıb. İşğal müddətində tamamilə dağıdılmış həmin ərazilərimizdə artıq 100 minə yaxın vətəndaşımız yaşayır, çalışır və təsir alır. Onlardan 40 mini keçmiş məcburi köçkünlərdir. Praktiki olaraq məskunlaşma da intensiv şəkildə davam etdirir və mühüm məqamlardan biri məhz Azərbaycanın bu prosesi öz imkanları hesabına aparmasıdır. Hər hansı bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan öz daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir və qurur".
Süleyman












































