
Müasir beynəlxalq münasibətlər sistemində fəal diplomatiyası və prinsipial mövqeyi ilə seçilən Azərbaycan Respublikası coğrafi sərhədləri aşaraq müxtəlif region ölkələri ilə dostluq və tərəfdaşlıq əlaqələrini sürətlə genişləndirir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana gerçəkləşən tarixi səfəri və dövlət başçılarının mətbuata bəyanatları iki ölkə arasında münasibətlərin yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu səfər yalnız ikitərəfli diplomatik əlaqələrin möhkəmlənməsi deyil, həm də Türk Dövlətləri Təşkilatı və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) kimi mühüm regional platformalar arasında strateji əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatı çərçivəsində illərlə sınaqdan çıxmış qarşılıqlı dəstək və beynəlxalq hüququn prinsiplərinə sadiqlik bu gün Bakı ilə Vyentyan arasında iqtisadi, ticarət, energetika və humanitar sahələrdə real tərəfdaşlıq imkanları açır.
Dövlət başçılarının bəyanatlarında xüsusi yer alan məsələlərdən biri də hər iki xalqın üzləşdiyi ortaq bəla — mina təhlükəsi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında bu mühüm faktora toxunaraq bildirdi: "Bizi bir ciddi problem də birləşdirir, o da minalardır." Çünki həm Azərbaycan, həm də Laos keçmiş münaqişələrin ağır mirası olan kütləvi minadaşma faciəsindən ciddi əziyyət çəkən ölkələrdir.
30 ilə yaxın işğal dövründə torpaqlarımızda basdırılmış milyonlarla mina bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə, mülki vətəndaşlarımızın ləyaqətli qayıdışına ən böyük maneədir. Bizi bu zəfər günlərinə qovuşduran, torpaqlarımızı azad edərək milli qürurumuzu bərpa edən müqəddəs şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsi önündə baş əyirik. Bu yolda canını fəda edən qəhrəmanlarımızın əmanəti olan şəhid ailələrimizə və sağlamlığını itirmiş qazilərimizə möhkəm cansağlığı, uzun ömür və səbir arzulayırıq.
Azərbaycan və Laosun humanitar minatəmizləmə sahəsində beynəlxalq müstəvidə səylərini birləşdirməsi, təcrübə mübadiləsi aparması və bu bəlanın aradan qaldırılması üçün birgə təşəbbüslərlə çıxış etməsi qlobal sülhə verilən dəyərli töhfədir. Cənab İlham Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət kursu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün strateji hədəflərə çatacaq, Qarabağda dinc və təhlükəsiz həyatı tam bərpa edəcəkdir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































