Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan beynəlxalq dialoqun, sabitliyin və etimadın mühüm ünvanıdır

Azərbaycan beynəlxalq dialoqun, sabitliyin və etimadın mühüm ünvanıdır


Dünyanın diqqəti yenidən Bakıdadır. Paytaxtımız bu dəfə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə ev sahibliyi edir. Asiyanın müxtəlif bölgələrini təmsil edən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi bu mötəbər beynəlxalq toplantının əsas məqsədləri Asiyada dialoqun, qarşılıqlı etimadın, sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, həmçinin ortaq problemlərin həllində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Sammit çərçivəsində siyasi bəyannamənin, tematik sənədin və bir sıra institusional qərarların qəbul edilməsi gözlənilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AQEM-in 7-ci Zirvə Görüşünün plenar iclasında çıxışında bildirib ki, Azərbaycan AQEM-i dünyada önəmli təşkilata çevirmək üçün böyük iş görür. Tokayevin sözlərinə görə, AQEM gələcək üçün yaradılıb və mühüm, müsbət dəyişikliklərə nail olmaq üçün bütün imkanlarından istifadə etməyə hazır olmalıdır. O, yol xəritəsində AQEM-in açıq olmasının və təhlükəsizliyin daha müasir formatının yaradılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Asiyada münaqişələrin qarşısının alınması və dövlətlər arasında etimadın gücləndirilməsi məqsədilə yeni konsepsiyanın hazırlanmasını təklif edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə ölkəmizin AQEM-ə sədrliyini yüksək qiymətləndirərək deyib ki, Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir. Liderlərin bu fikirləri bir daha Azərbaycanın birləşdirici rolunu önə çıxarır.
Azərbaycan regionda birləşdirici rolunu dövlətimizin başçısı Cənab İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğulayıb. O bildirib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Bu baxımdan, Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması heç də təsadüfi deyil. 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə və ölkəmizin AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılmasına dəstək verdiyinə görə bütün üzv dövlətlərə təşəkkür edən Prezident İlham Əliyev hazırda AQEM-in institusional və hüquqi baxımdan daha güclü olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb və eyni zamanda, ölkəmizin 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşdiyini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Ermənistan dğvlətinin 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirdiyini, Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdiyini qeyd edib.
Cənab Prezident onu da vurğuladı ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, lakin o qətnamələr 30 il ərzində kağız üzərində qalıb, o cümlədən, məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti sadəcə imitasiya xarakteri daşıyıb. Həmin dövrdə Ermənistana rəhbərlik etmiş hər üç keçmiş prezident və onların tərəfdarları olan müharibə cinayətkarları, uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. İlham Əliyev həmçinin Ermənistanın hazırkı rəhbərliyinin də 2018-ci ildən etibarən öz sələflərinin cinayətkar siyasətini davam etdirdiyini vurğulayıb. Lakin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi: "Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi".
Dövlətimizin başçısı çıxışında separatçıların liderlərinin məhkəməsini haqlı olaraq Nürnberq tribunalı ilə müqayisə etdi: "Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur".
Prezident İlham Əliyev bu məsələ üzərində nəyə görə ətraflı dayandığını onunla izah edib ki, çünki bu, qlobal əhəmiyyət daşıyan bir məsələdir. Yəni ki, hazırkı beynəlxalq hüquq sistemi təcavüzkarları dayandırmaq məsələsində işlək deyil. Ona görə də BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, "əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı".
Dövlətimizin başçısı müharibənin bizim seçimimiz olmadığını da xüsusi olaraq vurğuladı: "Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq".
Belə bir unikal fürsət məqamında xalqımızın humanizmə əsaslanan mənəvi keyfiyyətlərinin bir daha özünü büruzə verdiyini, bizim artıq məğlub vəziyyətdə olan düşmənə zərbə endirmədiyimizi, xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədiyimizi və bizim yalnız döyüş meydanında qisas aldığımızı diqqətə çatdıran Prezident İlham Əliyev, 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı imzalamasından sonra qarşı tərəfə sülh təklif etdiyimizi də xatırlatdı: "Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".
Bəli, sülh hələ də tam institutlaşmayıb, geri dönməz prosesə çevrilməyib. Azərbaycan kövrək sülhü qorumaq və möhkəmləndirmək üçün gərəkən bütün addımları atıb. Lakin sülhün davamlılığı üçün təkcə siyasi iradə yetərli deyil. Bunun üçün qarşı tərəfin də revanşizm xəttindən qəti şəkildə imtina etməsi, regionda yeni reallığı qəbul etməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə səmimi yanaşması, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində konstruktiv mövqe sərgiləməsi zəruridir. Çünki həqiqi sülh yalnız kağız üzərində imzalanmış bəyanatlarla deyil, qarşılıqlı etimadın bərpası, qonşuluq münasibətlərinin normallaşdırılması və beynəlxalq hüquqa hörmət əsasında formalaşa bilər.
Bu mənada, Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyini ifadə etmir, həm də beynəlxalq münasibətlər sistemində ədalətin nə qədər selektiv tətbiq olunduğunu bir daha göstərir. Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də odur ki, Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi deyil, həm də regionda sabitliyin, əməkdaşlığın və çoxtərəfli dialoqun əsas təşəbbüsçülərindən biri kimi çıxış edir.
Əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət bunu açıq şəkildə nümayiş etdirir. Ölkəmiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib qovşağına çevrilib, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib, beynəlxalq humanitar və diplomatik platformalarda çevik və prinsipial mövqe nümayiş etdirib. Bu faktorlar Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyətini artırır.
Məhz buna görə də AQEM kimi çoxtərəfli platformalarda Azərbaycanın rolu təsadüfi deyil. Bakı bu gün artıq təkcə qəbul edən paytaxt deyil, müxtəlif maraqların toqquşduğu mühitdə dialoqun mümkünlüyünü sübut edən siyasi mərkəzdir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və siyasi etibarının bariz göstəricisidir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan sülhü zəiflik kimi yox, gücün, məsuliyyətin və uzaqgörənliyin nəticəsi kimi qəbul edir. Dövlətimizin başçısı həm regionun gələcəyi, həm də beynəlxalq nizamın sağlamlaşdırılması baxımından vacib bir mesaj verdi: ədalət geciksə də, sonda qalib gəlməlidir. Sülh isə yalnız qarşılıqlı hörmət və real təhlükəsizlik təminatları üzərində qurulduqda davamlı olur.
Bu baxımdan, Azərbaycanın bugünkü mövqeyi təkcə qələbədən sonrakı mərhələnin ifadəsi deyil, həm də gələcəyə hesablanmış dövlət strategiyasının nəticəsidir. Ölkəmiz müharibəni başa vurdu, ərazi bütövlüyünü bərpa etdi və indi əsas məqsəd kimi sülhü möhkəmləndirməyi qarşıya prioritet məqsəd kimi qoyub. Çünki Azərbaycan yaxşı anlayır: qalıcı inkişafın, regional əməkdaşlığın və təhlükəsiz gələcəyin yeganə yolu məhz sülhdən keçir.
Beləliklə, Bakıdakı AQEM Zirvə Görüşü bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız öz haqq savaşının qalibi deyil, həm də beynəlxalq dialoqun, sabitliyin və etimadın mühüm ünvanıdır. Bu gün dünyaya verilən əsas mesaj da məhz budur: Azərbaycan həm ədaləti bərpa etməyi, həm də sülh yaratmağı və onu qorumağı bacarır

Əlisahib Hüseynov
Xəbəri paylaş