Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qürurun, dirçəlişin və zəfərin adı

Qürurun, dirçəlişin və zəfərin adı



Təqvimdə elə tarixlər var ki, onlar sadəcə bir günün deyil, bütöv bir xalqın yenidən doğulmasının, qürurunun və tarixi ədalətin bərpasının rəmzidir. 17 Oktyabr məhz belə bir gündür – bu gün qədim və doğma Füzuli şəhərinin günü, onun işğal qaranlığından Zəfər işığına çıxdığı müqəddəs tarixdir!
1993-cü ilin avqustunda mənfur düşmən tərəfindən işğal edilən, 27 il boyunca daşı-daş üstündə qoyulmayaraq tamamilə darmadağın edilən Füzuli şəhəri, 2020-ci ilin oktyabrında öz əsl sahiblərinə – Azərbaycan Ordusuna qucaq açdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmənin 30 il ərzində qurduğu keçilməz hesab olunan möhkəm istehkamlarını və müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. Vətən müharibəsinin 21-ci günündə – 17 Oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından tamamilə azad olundu. Bu qələbə Şuşaya, Xocavəndə və digər torpaqlarımıza gedən yolda ən mühüm strateji dönüş nöqtəsi oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə bu möhtəşəm tarixi qələbənin əbədiləşdirilməsi üçün 17 oktyabr rəsmi olaraq "Füzuli Şəhəri Günü" elan edildi.
Düşmən Füzulini boş səhraya, viranəliyə çevirsə də, bizim yaddaşımızı və qurub-yaratmaq əzmimizi məğlub edə bilmədi. Bu gün Füzuli "Böyük Qayıdış" proqramı çərçivəsində yenidən qurulur, dirçəlir.
Ən müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilib.
Minlərlə füzulili uzunillik köçkünlük həyatından sonra öz doğma yurduna, yeni tikilmiş müasir və rahat mənzillərə qürurla geri dönür.
Şəhərdə yeni məktəblər, bağçalar açılır, küçələrdə yenidən canlanma və həyat var. Füzuli indi öz tarixinin ən gözəl cümləsini yazır: Bu cümlənin əvvəlində Zəfər, ortasında Qayıdış, sonunda isə Həyat var!
Şəhidlərimizin Əziz Xatirəsinə Ehtiramla...
Bizə bu böyük qüruru, bu zəfər dolu günləri bəxş edən, canını Vətən torpağı uğrunda fəda etmiş müqəddəs Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizə və qəhrəman ordumuza sonsuz minnətdarıq. Onların şücaəti sayəsində bu gün Füzulidə üçrəngli bayrağımız əbədi olaraq dalğalanır!
Bayramın mübarək, yenidən doğulan, gözəlləşən doğma Füzulim!
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş