
"Son günlər hicab məsələsi ətrafında baş verən proseslər, bu fonda Azərbaycana dost, qardaş olan ölkələr tərəfindən edilən təxribat xarakterli hücumlar dərin təəssüf doğurur".
Bunu Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, istər qardaş Türkiyə, istərsə də qonşu İranda Azərbaycanda guya hicabın qadağan edilməsi ilə bağlı səslənən fikirlər tamamilə yalnışdır və heç bir əsası yoxdur:
"Söhbət yalnız ümumtəhsil müəssisələrində vahid geyim formasının müəyyənləşdirilməsindən gedir. Bu da sırf Azərbaycanın daxili işidir. Azərbaycanın daxili işlərinə isə kimliyindən asılı olmayaraq hansısa dövlətin müdaxilə etməsi, qarışması qətiyyən yolverilməzdir".
Arzuman Muradlı diqqətə çatdırıb ki, Azərbaycanda hicab qadağasının tətbiq olunduğunu iddia edənlər paytaxt Bakının küçələrinə nəzər yetirsinlər:
"Bir nəfər deyə bilməz ki, hicaba görə kimisə narahat edib, ondan hicabı açmağı tələb ediblər. Belə bir hal yoxdur. Bu məsələ yalnız təhsil müəssisələri üçündür. Ona görə də bunu fəlakət kimi qəbul etmək, bunun üzərindən Azərbaycana hücuma keçmək, ölkəmiz haqqında əsassız fikirlər səsləndirmək nə normal məntiqə, nə də dostluq-qardaşlıq əlaqələrinə sığır".
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan öz dini tolerantlığı ilə seçilir və hətta dünyaya nümunə ola biləcək bir ölkədir.
Süleyman











































