
Dövlətin dayanıqlığı yalnız güclü orduya, möhkəm sərhədlərə və ya beynəlxalq nüfuza malik olmaqla ölçülmür. Dövlətin uzunmüddətli sabitliyi milli ideologiyanın möhkəmliyi, ərazi bütövlüyünün etibarlı müdafiəsi, diplomatik manevr imkanları və cəmiyyətin dövlət institutlarına inamı arasındakı qarşılıqlı əlaqədən yaranır. Bu, dövlətimizin, Vətənimizin sarsılmamağı üçün ən dəyərli münasibətlər sistemidir. Çünki Vətən və dövlət olmasa, vətəndaş heç nəyə gərək deyil; vətəndaş olmasa, dövlətin mahiyyəti və anlamı qalmaz. İdeoloji sərhədlərimiz milli kimliyimizi, dövlətçilik şüurumuzu, konstitusiya dəyərlərimizi və ictimai birliyimizi qoruyan mənəvi-siyasi xəttimizdir. Fiziki sərhədlərimiz isə suveren ərazimizi, əhalimizi və strateji infrastrukturlarımızı qoruyan müdafiə sistemimizdir. Diplomatik sərhədlərimiz dövlətin milli maraqlarını beynəlxalq münasibətlərdə müdafiə edən, xarici təzyiqləri idarə etməyə və münaqişələrin qarşısını almağa xidmət edən siyasi və hüquqi mövqeyimizdir.
Bu istiqamətlərdə mövcud olan zəifliyimiz dövlətimizin dayanıqlılığına risklər yarada bilən təhlükələrdir.
Biz milli kimliyimizə və dövlətçilik yaddaşımızda kifayət qədər ciddi nailiyyətlərə nail olmuşuq, yəni zəfər ölkəsiyik, tariximizə, mədəniyyətimizə, müstəqillik ənənələrinə bağlı və sadiqik. O cümlədən konstitusion dəyərlərimizə, dövlətin hüquqi əsaslarına, suverenliyinə və vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində atdığımız addımlar... 44 günlük müharibə ilə bu problemi aradan qaldırdıq, öz hüquqlarımızı aldıq, ədaləti bərpa etdik, ictimai həmrəylik yaratdıq. Müxtəlif siyasi baxışlara, fərqli düşüncəyə sahib olan insanları, vətəndaşlarımızı strateji xəttimizlə dövlətin müstəqilliyi, təhlükəsizliyi, ərazi bütövlüyü kimi fundamental məsələlərdə ortaq mövqe ilə çıxış etdik. Bu, bizim ictimai birliyimiz idi. Biz öz dövlətimizə inanmalı, etimad göstərməliyik ki, qabaqcadan dünyanın yaratdığı təhlükəli risklərdən və pozucu amillərdən uzaq durmaq üçün siyasi immunitetimiz güclü olsun.
Biz öz ideoloji dayanıqlığımızı da, fiziki dayanıqlığımızı da, diplomatik dayanıqlığımızı da dövlətimizin təhlükəsiz və dinamik inkişaf tempinə uyğun qurmalı, sabitlik və əmin-amanlıqla yaşamalıyıq. Gələcək nəsillərə qlobal dünyanın bir parçası kimi güclü, məntiqli, reallıqlara və müasir standartlara cavab verən şanlı bir Azərbaycan təhvil verməliyik. Bu, indi hamımızın həm bir vətəndaş, həm də bir valideyn olaraq borcumuz və məsuliyyətimizdir.
Dəyərli soydaşlar, sadaladığım bütün müstəvilərdə, istər ideoloji, istər fiziki, istərsə də diplomatik müstəvilərdə biz nailiyyətlərimizlə fəxr etməliyik. Bu günün tələblərinə uyğun olaraq dövlətimizin milli mənafeləri və maraqları üçün atılan addımlar gələcək xoşbəxtliyimiz üçün şərtləndirilən amillərdir. Bu hakimiyyətin, birbaşa cənab Prezidentin apardığı siyasi xətt yalnız dövlətçilik prinsiplərimizə xidmət edir. Dövlətin sarsılmazlığının siyasi fəlsəfəsi onun ideoloji, fiziki və diplomatik sərhədlərinin vəhdətində ifadə olunur. Biz öz milli ruhumuzu və dövlətçilik şüurumuzu, ərazi bütövlüyümüzü və təhlükəsizliyimizi, beynəlxalq münasibətlər sistemində isə müstəqil qərarvermə iradəmizi qorumaq üçün suveren və müstəqil ölkəyik.
Bunu qazanmaq üçün nələrimizdən keçmişik, nələr itirmişik, hansı sarsıntılar keçirmişik, kimlərin, hansı dövlətlərin bizə qarşı olan haqsızlıqlardan necə sui-istifadə etməsinin şahidi olmuşuq. Amma biz müdrikliklə, ləyaqətlə bütün bu maneələri aşaraq şərəfli, qürurlu, müstəqil bir ölkə qurduq. Bu, firavan yaşamağımızın əsas bazasıdır. Bu, bir xalq üçün ən böyük nemətdir. Hər şeydən öncə dövlətimiz və onun maraqları gəlir. Biz milli birliyimiz, ictimai həmrəyliyimizlə bu dövləti daha böyük zirvələrə qaldıracağıq.
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































