
"Azərbaycanın regionlarında həyata keçirilən infrastruktur layihələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri daşınmaz əmlak bazarının gələcək inkişafını müəyyənləşdirən mühüm iqtisadi amillərdəndir. Burada söhbət yalnız yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin, məktəblərin, xəstəxanaların və yaşayış binalarının tikilməsindən getmir. Bu layihələr, eyni zamanda, ərazilərin iqtisadi fəallığını, yaşayış üçün cəlbediciliyini və uzunmüddətli investisiya potensialını formalaşdırır".
Bunları Newscenter.az-a əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib. O bildirib ki, infrastrukturun mənzil bazarına təsiri bir neçə istiqamətdə özünü göstərir:
"İlk növbədə, nəqliyyat əlçatanlığının yaxşılaşması şəhər və rayonlar arasında hərəkəti asanlaşdırır, yaşayış məntəqələrini iqtisadi mərkəzlərə daha sıx bağlayır. Kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsi və sosial infrastrukturun genişlənməsi isə həmin ərazilərdə yaşamaq istəyən insanların qərarlarına müsbət təsir göstərir. Bunun nəticəsində mənzilə, fərdi yaşayış evlərinə və torpaq sahələrinə tələb arta bilər.
Qarabağ və Şərqi Zəngəzurda bu prosesin əlavə xüsusiyyəti var. Burada bazarın inkişafı yalnız ənənəvi tələb-təklif münasibətləri ilə deyil, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı, dövlət investisiyaları, yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin bərpası ilə də sıx bağlıdır. Bu səbəbdən regionda yaşayış mühitinin qurulması ilə daşınmaz əmlak bazarının formalaşmasını paralel, lakin eyni olmayan proseslər kimi qiymətləndirmək lazımdır".
Ekspert qeyd edib ki, infrastrukturun qurulması avtomatik olaraq mənzil qiymətlərinin eyni templə artması demək deyil:
"Qiymət artımının davamlı olması üçün ərazidə real məşğulluq imkanları, sabit gəlir mənbələri, gündəlik xidmətlərə çıxış və mülkiyyət hüquqlarının aydınlığı təmin edilməlidir. Əks halda, əmlaka investisiya marağı yaransa belə, faktiki alıcı tələbi və bazar likvidliyi zəif qala bilər.
Regionlar üzrə mənzil bazarını müqayisə etdikdə, Abşeron-Xızı iqtisadi rayonu, xüsusilə Abşeron və Sumqayıt, həmçinin Gəncə kimi iqtisadi mərkəzlər mövcud bazar aktivliyi baxımından diqqət çəkir. Bu ərazilərdə əhali və əmək bazarı, nəqliyyat əlaqələri, xidmət sektoru və formalaşmış mənzil fondu tələbin əsas dayaqlarıdır. Qarabağ və Şərqi Zəngəzur isə daha çox bərpa prosesinin miqyası, yeni yaşayış məntəqələrinin qurulması və gələcək iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır".
Fərid Cəfərli hesab edir ki, növbəti mərhələdə regional mənzil bazarının inkişafını müəyyən edən əsas meyar tikintinin həcmi deyil, yaradılan infrastrukturun real iqtisadi aktivliyə nə dərəcədə çevrilməsidir:
"Yeni yollar və yaşayış binaları bazarın fiziki əsasını yaradır, lakin həmin bazarın dayanıqlı inkişafını iş yerləri, gəlirlər, əhalinin məskunlaşması və alıcılıq qabiliyyəti təmin edir. Buna görə də Qarabağda və digər regionlarda daşınmaz əmlak bazarının perspektivini qiymətləndirərkən tikinti göstəriciləri ilə yanaşı, demoqrafik, iqtisadi və bazar likvidliyi göstəricilərinə də kompleks yanaşmaq vacibdir".
Süleyman











































