Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir

AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir


"Ölkəmizdə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyinin möhkəmləndirilməsi, Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi və regional proseslərdə iştirakının artırılması baxımından əhəmiyyətli platformadır".

Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycanın 2024–2026-cı illərdə AQEM-ə sədrlik etməsi isə bu tədbirə xüsusi siyasi məzmun verir:

"Şübhəsiz ki, zirvə görüşünün ilk əhəmiyyəti Azərbaycanın beynəlxalq diplomatik çəkisinin artması ilə bağlıdır. Müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərin liderlərini eyni platformada bir araya gətirmək ölkənin çoxtərəfli diplomatiyada rolunu gücləndirir. Azərbaycan bu imkan vasitəsilə regional əməkdaşlıq gündəliyinin formalaşmasında iştirak edən tərəf kimi çıxış edir. Bu, xüsusilə böyük güclər arasında rəqabətin artdığı və beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi şəraitdə olduqca əhəmiyyətlidir. İkinci mühüm məqam Azərbaycanın xarici siyasətinin şaxələndirilməsi ilə əlaqədardır".

Yusif Bağırzadə deyib ki, AQEM Asiya dövlətləri arasında dialoq, etimad və əməkdaşlığın təşviqinə xidmət edir:

"Azərbaycanın bu təşkilata sədrliyi Mərkəzi Asiya, Cənubi Asiya, Şərqi Asiya və digər istiqamətlərdə siyasi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır. Beləliklə, ölkəmiz müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmaq və milli maraqlarını çoxtərəfli formatlarda ifadə etmək imkanlarını genişləndirir.

Daha bir istiqamət isə təşkilatın institusional inkişafıdır. AQEM-in beynəlxalq təşkilata çevrilməsi ilə bağlı proses davam edir və Azərbaycanın sədrliyi dövründə bu istiqamətdə müzakirələr aparılır. 2026-cı ilin iyulunda keçirilmiş yüksək səviyyəli iclasda təşkilatın nizamnamə layihəsi və institusional inkişaf məsələləri müzakirə olunub. Bu baxımdan Bakı sammiti təkcə siyasi bəyanatların səsləndirildiyi tədbir deyil, həm də AQEM-in gələcək fəaliyyət modelinin müəyyənləşdirilməsi üçün mühüm fürsətdir".

Politoloqun qənaətincə, ölkəmiz üçün tədbirin daha bir əhəmiyyəti isə Azərbaycanın iqtisadi və nəqliyyat maraqları ilə bağlıdır:

"Rəqəmsallaşma, bağlantılar və dayanıqlı inkişaf Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyənləşdirdiyi prioritetlər sırasındadır. Bu istiqamətlər Orta Dəhlizin inkişafı, Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması ilə uzlaşır. Sammit çərçivəsində əldə ediləcək razılaşmaların praktik layihələrə çevrilməsi Azərbaycanın tranzit imkanlarına və investisiya cəlbediciliyinə müsbət təsir göstərə bilər.

Nəhayət, AQEM platforması Azərbaycanın suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsipləri beynəlxalq müstəvidə müdafiə etməsi baxımından da əhəmiyyətlidir. Təşkilatın əsas sənədlərində bu prinsiplərə xüsusi yer verilir.

Odur ki, AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün diplomatik nüfuzun möhkəmləndirilməsi, Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi və regional iqtisadi bağlantıların inkişafı baxımından əhəmiyyətlidir".

Süleyman
Xəbəri paylaş