
İki fərqli məsələyə toxunmaq istəyirəm, birincisi AQEM-in ciddi problemləri, ikincisi isə Azərbaycanın bu təşkilat daxilindəki mövqeyi və sədrliyinin əhəmiyyətidir.
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki,
AQEM-in ən ciddi problemlərindən biri onun tərkibində bir-biri ilə ciddi siyasi ziddiyyətləri, hətta açıq qarşıdurmaları olan dövlətlərin təmsil olunmasıdır. Hindistan və Pakistan, İran və İsrail buna nümunədir. Təbii ki, belə fərqli maraqların mövcudluğu təşkilat daxilində ortaq qərarların qəbulunu və real nəticələrin əldə olunmasını çətinləşdirir.
Amma burada maraqlı bir paradoks da var. AQEM-in yaradılmasının əsas məqsədi də məhz bu ziddiyyətlərin dialoq yolu ilə yumşaldılması və dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsidir.
Yəni təşkilatın ən böyük zəifliyi hesab edilə biləcək amil, əslində, onun mövcudluğunu zəruri edən əsas səbəblərdən biridir.
O ki qaldı Azərbaycanın bu qurum daxilindəki mövqeyinə və ona sədrliyinə, bu, artıq məsələnin tamamilə başqa tərəfidir.
Sözsüz ki, Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal siyasi proseslərdə rolunun getdikcə artmasının daha bir göstəricisidir.
Çin, Hindistan, Rusiya, Türkiyə və Cənubi Koreya kimi nəhəng siyasi və iqtisadi güclərin də təmsil olunduğu AQEM-in 28 üzv dövləti Asiya qitəsinin ərazisinin və əhalisinin təxminən 90 %-ni əhatə edir.
Bu miqyasda beynəlxalq platformanın zirvə görüşünə Bakının ev sahibliyi etməsi Azərbaycanın qlobal səviyyədə də mühüm diplomatik və siyasi dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir.
Hesab edirəm ki, bu tədbirin iqtisadi əhəmiyyəti də siyasi əhəmiyyətindən heç də az deyil.
Birincisi, dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə Asiyaya doğru dəyişir. Qlobal istehsalın, beynəlxalq ticarətin, investisiyaların və texnologiyaların mühüm hissəsi bu regionda cəmləşir. Azərbaycan üçün belə bir platformada fəal iştirak dünyanın ən böyük iqtisadiyyatları ilə əməkdaşlığın genişləndirilməsi baxımından əlavə imkanlar yaradır.
İkincisi, nəqliyyat və logistika imkanlarıdır. Dünya Bankının sentyabr ayında açıqladığı yeni araşdırmaya görə, zəruri investisiyalar və islahatlar həyata keçirilərsə, 2040-cı ilə qədər Orta Dəhliz üzrə ticarət həcmi üç dəfədən çox arta, daşınma müddəti yarıya enə və dəhliz ölkələrində 2 milyon əlavə iş yeri yarana bilər.
Azərbaycan üçün burada ən vacibi tranzit yüklərinin artmasındab daha yox, həmin yüklər ətrafında logistika, emal sənayesi, anbar təsərrüfatı və digər xidmət sahələrinin inkişafı hesabına daha böyük əlavə dəyər yaratmaqdır.
Üçüncüsü, maliyyə və investisiya əməkdaşlığıdır. Azərbaycanın AQEM-ə sədrliyi dövründə ilk Maliyyə Sammitinin keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi böyük infrastruktur layihələri, yeni investisiyalar və maliyyə əməkdaşlığı tələb edir.
Bütün bunlar göstərir ki, Azərbaycanın artan siyasi nüfuzu ölkəmiz üçün yeni iqtisadi imkanlar da formalaşdırır. İndi qarşıdakı məqsəd isə həmin siyasi nüfuzu daha çox investisiyaya, daha geniş ticarət əlaqələrinə və nəticə etibarilə real iqtisadi dividendlərə çevirməkdir.











































