
"BMT Baş Assambleyasının sessiyasında İsrailin Baş Naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməyən Azərbaycan nümayəndə heyətinə sosial şəbəkələrin Türkiyə seqmentində başlayan qaragüruh münasibət ölkəmizdə ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqinin aktuallaşmasından sonra daha da artdı. Təəssüf ki, bu münasibəti Türkiyənin bəzi hökumət nümayəndələri və hökumətə yaxın media vasitələri də təkrarladı.
Məsələyə ardıcıllıqla baxsaq qeyd olunmalıdır ki, XX əsrin sonlarından başlayaraq dünyada mövcud olan təhlükəsizlik sisteminin və güclər nisbətinin pozulması, bir sıra dövlətlərin sürətli iqtisadi inkişafı və zənginləşməsi yeni regional güc mərkəzlərinin formalaşmasına səbəb oldu. Karbohidrogen resurslarının satışından əldə edilən böyük gəlir və SSRİ ilə ABŞ-ın rəqabəti nəticəsində, xüsusən müsəlman ölkələrinə göstərilən hərbi dəstək regional güclü müsəlman dövlətlərinin formalaşmasını şərtləndirdi. Regional güc əldə edən bu dövlətlər bölgənin digər müsəlman dövlətlərinə nüfuz etmək üçün xarici siyasətdə əsasən dini həmrəylik ideologiyasından istifadə etməklə öz gerçək niyyətlərini ört basdır etməyə çalışırlar. Siyasi və elmi baxımdan geridə qalan ölkələrin əhalisi isə güclü dövlətlərin əsl mahiyyətini görməkdə çətinlik çəkir və bu cür siyasi manipulyasiyanın qurbanı olurlar. Məsələnin kökündə isə ətrafda yerləşən nisbətən zəif dövlətləri öz təsir dairəsinə daxil etmək, onların iqtisadi resurslarından yararlanmaq, sərhədlərində bufer zonası yaratmaq və lazım olduğu təqdirdə rəqib dövlətlərə qarşı mübarizədə səfərbər etməkdir".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, Türkiyənin Fələstinin müdafiəsinə dair və İsrailə qarşı apardığı siyasətin arxasında da heç şübhəsiz ki, dini həmrəylik dayanmır:
"Məsələyə bu kontekstdən yanaşmaq olduqca sadəlöhv yanaşmadır. Hər iki ölkə arasında regional təsir dairəsi uğrunda mübarizə gedir və dövlətlərin hər ikisi qarşı tərəfi əsas rəqib gözündə görərək, zəifləməsi üçün xarici siyasətdə bütün mümkün vasitələrdən istifadə edirlər. Hər iki ölkə gerçək məqsədlərini din pərdəsi altında gizlədirlər. İsrail özünü dini islam ekstremizmdən qoruduğunu bildirir, Türkiyə isə Fələstin xalqının faciələrinə "acıyır". Halbuki İsrailin müstəqilliyini tanıyan ilk müsəlman dövləti məhz Türkiyədir. Çünki o zamankı Türkiyə hökuməti ərəblərin Osmanlı İmperiyasına qarşı azadlıq mübarizəsini hələ unutmamışdı və yeni formalaşan İsrail dövləti ərəb ölkələrinə qarşı potensial müttəfiq idi. O dövrdən fərqli olaraq bu günkü İsrail isə Türkiyənin Yaxın Şərqdə nüfuz dairəsinin genişlənməsi üçün ən böyük maneələrdən biridir. Eyni zamanda iki ölkə arasındakı bu günkü düşmənçilik münasibətinin arxasında islam təəssübkeşliyi dayanırsa, Hindistanda yaşayan iki yüz milyondan artıq müsəlmanın, Çində yaşayan uyğur türk müsəlmanların iztirab və pozulan haqqları nədən beynəlxalq tribunalarda dilə gətirilmir? Hər hansı bir Hindistan və ya Çin dövlət rəhbərinin çıxışı zamanı zalı tərk edən bir Türkiyə dövlət nümayəndəsini və diplomatını xatırlayan varmı?
Türkiyə ilə İsrail arasında gedən rəqabət şəraitində Azərbaycan hər iki ölkə ilə dostluq münasibətlərini ən yüksək səviyyədə qoruyub saxlamağı bacarmışdır. Bu münasibəti diktə edən isə emosional hisslər deyil, dövlət marağıdır. Azərbaycan-İsrail münasibətləri heç zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməmiş, əksinə fayda vermişdir. Ölkəmizin İsrailə satdığı xam neft Türkiyə ərazisindən keçməklə bu ölkəyə böyük məbləğdə xarici valyuta qazandırmışdır. Qondarma erməni soyqırımının İsrail dövləti tərəfindən tanınmasının qarşısı məhz Azərbaycanın müdaxiləsindən sonra alınmışdır. Bu siyasi addımın reallaşacağı təqdirdə yəhudi lobbisinin dünya miqyasında başlayacağı kompaniyanın miqyasını təsəvvür etmək çətin deyil".
Elçin Ağamalı bildirib ki, bununla belə Azərbaycan Türkiyənin xarici təsir imkanlarının genişləndirilməsi siyasətində hər zaman qardaş ölkənin yanında olmuşdur:
"Suriyanı İran təsirindən qurtarmaq üçün vacib olan qaz satışını, Yunanıstanla mövcud olan soyuq münasibəti xatırlatmaq kifayətdir.
Təəssüf ki, Azərbaycanın Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyən xarici siyasətinin İsrail istiqaməti və daxili siyasətdəki bəzi məqamlar Türkiyə cəmiyyətinin bəzi dairələrində qaragüruh münasibətə səbəb olmuşdur. Müasir Azərbaycan dövləti gənc, lakin kifayət qədər təşəkkül tapmış güclü və qürurlu dövlətdir. Güclü Rusiya və İranla yaşanan insident zamanı dövlətimizin sərgilədiyi münasibət və xarakter Türkiyə dövləti tərəfindən diqqətə alınmalıdır. Azərbaycan dostluq etməyi bacaran dövlətdir və hər kəslə bərabərhüquqlu münasibətlər qurmaq iqtidarındadır. Dövlətimiz üçün böyük qardaş və hami münasibətləri qəbulolunmazdır. Əminəm ki, Türkiyə ən qısa zamanda yanlış yanaşmanı anlayacaq və durumu düzəltmək üçün müvafiq addımlar atacaqdır. Azərbaycan Türkiyə üçün kilid dövlətlərdən bəlkə də ən birincisidir. Azərbaycan olmadan Türkiyənin Qafqaz və Mərkəzi Asiya regionunda mövcudluğu mümkün deyil".
Süleyman












































