Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi

Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi


“Ötən gün Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü türk dünyasının inteqrasiyası, birlik və bərabərliyin möhkəmləndirilməsi, eyni zamanda gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyan hadisə kimi tarixə düşdü. Qəbələ Zirvə Görüşünü həmçinin Türk dövlətlərinin ortaq gələcək baxışının daha da möhkəmləndirilməsi baxımından yeni bir mərhələnin başlanğıcı kimi də xarakterizə etmək mümkündür. Xüsusilə, dünyada katakilizmlərin, gərginliklərin olduğu dönəmdə Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq maraqlar ətrafında birləşmək və qlobal səhnədə vahid mövqe sərgiləmək olduqca vacibdir”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşünün nəticələrini şərh edərkən səsləndirib. ATXƏM sədri deyib ki, Zirvə görüşü bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edirdi:

“İlk növbədə bura türk dövlətləri arasında koordinasiyanın gücləndirilməsini şamil etmək olar. Günümüzdə dünyada güc mərkəzləri arasında rəqabətin artdığı bir dövrdə, Türk dövlətlərinin vahid platforma ətrafında birləşməsi, özünü güc mərkəzi kimi tanıtması regional sabitlik və qlobal siyasətdə balans yaratmaq baxımından vacibdir. Zirvə Görüşü təkcə Türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də ortaq mədəni irsin və strateji vizyonun formalaşdırılması baxımından da önəmli nəticələr doğurdu.

Toplantı həm də TDT-nin sıralarının genişləndirilməsini mümkün hesab etdi. Uzun illər Şimali Kipr Türk Respublikası və Macarıstanın təşkilatda müşahidəçi qismində təmsil olunması, eləcə də təşkilatın olduqca səmərəli fəaliyyəti TDT-yə digər ölkələrdən də marağı artırıb. Ona görə də Qazaxıstan prezidentinin “TDT+” təşəbbüsü dəstək gördü. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim ki, Türkmənistan ilk dəfə olaraq Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedovun iştirakı ilə TDT-nin zirvə görüşündə təmsil olunurdu. Həm Qurbanqulu Berdimuhammedovun bu mühüm tədbirdə iştirakı, həm də Zirvə Görüşündən sonra Füzuli şəhərində məscid binasının tikintisi ilə bağlı rəmzi təməlqoyma mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, Türk dünyası Türkmənistansız tam deyildi və artıq bu boşluq da aradan qalxır. Ümid edirəm ki, Türkmənistan da yaxın zamanlarda Türk Dövlətləri Təşkilatına üzv qəbul ediləcək”.


ATXƏM sədri deyib ki, Qəbələ Zirvə Görüşü digər bir sıra praktiki və strateji nəticələrlə yadda qaldı:

“Zirvənin yekununda qəbul edilən sənədlər, xüsusilə Yekun Bəyannamə, Türk dövlətləri arasında əməkdaşlıq istiqamətlərini daha aydın şəkildə müəyyənləşdirmiş oldu. Ümumiyyətlə, Qəbələ zirvəsində qəbul edilən hər bir qərar kimi iqtisadi əməkdaşlığın maliyyə əsaslarının möhkəmləndirilməsi məqsədilə Türk İnvestisiya Fondunun fəaliyyət dairəsinin genişləndirilməsi qərarı da əhəmiyyətli idi. Bundan başqa görüşdə Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat və logistika layihəsi olan Orta Dəhliz üzrə yeni razılaşmalar əldə edildi. Düşünürəm ki, bu razılaşma bölgədə ticarət və tranzit imkanlarını artıracaq”.

Zirvə Görüşündə təhsil və mədəniyyət layihələri istiqamətində də mühüm qərarlar verildiyini diqqətə çatdıran İlham İsmayılov, “Ortak Türk Universitetləri, tələbə mübadilə proqramları və ortaq dərs vəsaitlərinin hazırlanması kimi təşəbbüslərlə, gənclərin ortaq dəyərlərlə yetişdirilməsi istiqamətində konkret addımlar atıldı”,-deyə bildirib.

ATXƏM sədri deyib ki, ümumilikdə TDT-nin Qəbələ Zirvə Görüşü gələcək əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaratdı:

“Belə ki, görüşdə regional təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət və informasiya mübadiləsi, kiber təhlükəsizlik sahəsində ortaq müdafiə mexanizmlərinin yaradılması üçün zəmin formalaşdı. Məlumat müharibəsinin intensivləşdiyi bir dövrdə, ortaq informasiya siyasətinin formalaşdırılması məqsədilə Türk dünyasına xidmət edən media resurslarının yaradılması nəzərdə tutulur ki, bu da informasiya mübarizəsində öz sözümüzü deyə biləcək anlamına gəlir. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü, Türk dövlətləri arasında yalnız siyasi və iqtisadi deyil, həm də mədəni, texnoloji və strateji sahələrdə əməkdaşlığın yeni mərhələsinə keçidi simvolizə edir. Qəbələdə keçirilən bu zirvə, Türk dünyasının ortaq gələcəyinin formalaşmasında birləşdirici güc, ortaq iradə və strateji baxışın göstəricisi oldu.

Bu baxımdan, TDT-nin fəaliyyət istiqamətləri və əldə etdiyi nəticələr göstərir ki, təşkilat gələcəkdə beynəlxalq aləmdə nüfuzlu və təsirli bir regional güc mərkəzinə çevrilmək potensialına malikdir. İnteqrasiya prosesinin davamlılığı isə üzv dövlətlərin siyasi iradəsindən, xalqlar arasında qarşılıqlı inam və ortaq dəyərlərin qorunmasından asılı olacaq”.

İlham İsmayılov deyib ki, Qəbələ Zirvəsi bir daha Azərbaycanın türk dünyasının inteqrasiyası, birlik və bərabərliyində lokomotiv rolu oynadığını, bu istiqamətdə kifayət qədər fəal rol oynadığını bir daha ortaya qoydu:

“Zirvə Görüşünün Azərbaycanda, xüsusilə də tarixi və simvolik məkan olan Qəbələdə keçirilməsi, Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunu və təşəbbüskar mövqeyini nümayiş etdirdi. Əsrin əvvəllərində də belə olub, indi də eyni proses davam edir. Hesab edirəm ki, Türk dünyasının birliyini, güclənməsini istəməyən qüvvələrin ən yaxşı cavabı bu kimi tədbirlərin, zirvə görüşlərinin keçirilmişi və irəliyə doğru daha səmərəli addımların atılmasıdır. Hər addım, hər görüş yeni bir irəliləyiş, yeni bir gücdür”.

İlham İsmayılovun sözlərinə görə, TDT-nin fəaliyyət istiqamətləri və əldə etdiyi nəticələr göstərir ki, təşkilat gələcəkdə beynəlxalq aləmdə nüfuzlu və təsirli bir regional güc mərkəzinə çevrilmək potensialına malikdir. İnteqrasiya prosesinin davamlılığı isə üzv dövlətlərin siyasi iradəsindən, xalqlar arasında qarşılıqlı inam və ortaq dəyərlərin qorunmasından asılı olacaq:

“Vaxtı ilə ziyalılarımız, aydınlarımızın, sovet rejiminin repressiyasının qurbanı olmuş mütəfəkkirlərimizin “XXI əsr türk əsridir” fikri artıq əməldə öz əksini tapır. O vaxt xəyal edilənlər günümüzdə gözlərimiz qarşısında gerçəkləşir, reallığa çevrilir. Hər il bu istiqamətdə yeni-yeni inkişaflara şahidlik edirik. Dünyanın qarışıq, qeyri-sabit bir vaxtında Türk dünyası inkişaf edir, irəliyə doğru gedir. Ona görə bu münasibətlə bütün Türk dünyasını təbrik etmək olar”.

Süleyman
Xəbəri paylaş