Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və İrəvan Avropa Parlamentinin dəstəyi olmadan da sülh yolunu davam etdirəcək

Bakı və İrəvan Avropa Parlamentinin dəstəyi olmadan da sülh yolunu davam etdirəcək


Azərbaycan deputatlarının Avronest Parlament Assambleyasının oktyabr ayının 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməmək qərarı tamamilə düzgün qərardır. Bu qərar Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin son dövrlərdə Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı qəbul etdiyi qətnamə və bəyanatlara adekvat cavabdır. Avropa Parlamentinin sözügedən qətnamə və bəyanatları regionda Azərbaycan və Ermənistan arasında normallaşmanı və sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, gərginliyin davam etməsinə, revanşizmin körüklənməsinə xidmət edirdi.

Azərbaycan parlamenti və eləcə də ictimai-siyasi təşkilatların təmsilçiləri Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyətlərinə, çağırışlarına qarşı dəfələrlə etiraz bəyanatları ilə çıxış edib. Eyni addımı Avronest Parlament Assambleyası da ata bilər, Avropa Parlamentinin qızışdırıcı və ədalətsiz mövqeyinə sərt etirazını bildirə bilərdi. Lakin əfsuslar olsun ki, biz heç vaxt Avronest PA-dan belə bir obyektiv davranış, performans görmədik. Avronest PA Avropa Parlamentinin Cənubi Qafqazda eskalasiyanın davam etməsində maraqlı olan liberal-qlobalist dairələrin mənafelərinə xidmət etməsinə göz yumdu.

Avronest hətta Avropa Parlamentinin bu il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı razılaşmaların ruhuna zidd olan bəyanatla çıxış etməsinə də etirazını bildirmədi. Halbuki həmin razılaşmalar dünyanın bütün sülhsevər qüvvələri tərəfindən təqdirlə qarşılanmış, alqışlanmışdı. Məntiqlə eyni mövqeyi Avropa Parlamenti də sərgiləməli, avroparlamentarilər Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin Vaşinqtonda paraflanmasını alqışlarla qarşılamalıydılar. Ancaq çox təəssüf ki, biz tamamilə bunun əksinə olan bir mənzərə ilə üzləşdik. Avropa Parlamenti qərəzli və qeyri-konstruktiv bəyanat yaymaqla, necə deyərlər, Xeyirə yox, Şərə xidmət etdiyini ortaya qoydu. Avronest PA-da təmsil olunan avroparlamentarilər isə bu ədalətsizliyə səssiz qaldılar.

Bütün bunlar isə sözsüz ki, Azərbaycan parlamentarilərinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığı inamına ciddi zərbə vurub. Ona görə də hazırkı mərhələdə Avropa Parlamenti ilə Avronest PA çərçivəsində əməkdaşlığı davam etdirməyə lüzum yoxdur. Bu baxımdan deputatlarımızın İrəvanda keçiriləcək plenar iclasa qatılmamaq qərarı avroparlamentarilərin ədalətsizliyinə normal reaksiyadır. Onu da qeyd edək ki, Gürcüstan deputatları da Avronest PA-nın son vaxtlardakı hərəkətlərinin Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsipləri və məqsədləri ilə uyğunsuzluğuna görə İrəvandakı plenar iclasın işində iştirak etməkdən imtina ediblər. Beləliklə, Azərbaycan və Gürcüstan parlamentariləri tərəfindən Avronest PA-nın ədalətsiz mövqeyi haqlı olaraq boykot olunur. Bu qərar heç bir halda Ermənistana qarşı yönəlməyib və tədbirin İrəvanda keçirilməsi ilə də bağlı deyil. Qərar sadəcə olaraq Avropa Parlamentinin ədalətsiz mövqeyinə və Avronestin susqunluğuna etirazla bağlıdır. Azərbaycan və Ermənistan Avropa Parlamentinin dəstəyi olmadan da sülh yolunu davam etdirəcəklər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş