Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlının azad olunması Zəngəzur dəhlizinin açılması perspektivini reallaşdıran coğrafi üstünlüklər yaratdı

Qubadlının azad olunması Zəngəzur dəhlizinin açılması perspektivini reallaşdıran coğrafi üstünlüklər yaratdı


“Bu gün işğaldan azad edilən digər şəhər və rayonlar kimi Qubadlı da yenidən qurulur, abadlaşır. Artıq Qubadlı şəhərinin baş planı hazırlanıb, həmin baş plana uyğun olaraq Qubadlıda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Rayonda “Ağıllı kənd” konsepsiyası əsasında yeni yaşayış binaları, məktəb, xəstəxana və sosial obyektlər inşa olunur. Dövlət tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində Qubadlı rayonuna mərhələli şəkildə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Qubadlının işğaldan azad edilməsinin 5-ci ildönümünə nəzər yetirərkən səsləndirib. İctimai birlik sədri Qubadlının erməni işğalı dövründə dağıdıldığını, onun infrastrukturunun tamamilə məhv edildiyini deyərək diqqətə çatdırıb ki, işğal dövründə dağıdılmış mədəniyyət abidələrinin, məscidlərin və tarixi yerlərin bərpası prosesi başlayıb.

Arzuman Muradlı 44 günlük müharibədə Qubadlının işğaldan azad edilməsinə diqqət çəkərək deyib ki, Qubadlının azad olunması Azərbaycan Ordusunu Ermənistan sərhədinə bir addımlıq məsafəyə gətirdi:

“Bu, düşmənin təchizat yollarını nəzarətə götürmək baxımından böyük üstünlük idi. Qubadlının işğaldan azad olunmasının ən mühüm üstünlüklərindən biri də ondan ibarət idi ki, bu hadisə Azərbaycanın suverenliyinin bərpası istiqamətində mühüm dönüş idi. Çünki bununla ölkənin cənub sərhədlərinə nəzarəti təmin etmiş olurduq. Qubadlının azadlığı xalqda inam və ruh yüksəkliyini daha da artırdı, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və Ali Baş Komandanın siyasi iradəsinin bariz göstəricisi oldu. Bu qələbə Ermənistan üzərində hərbi və siyasi təzyiqi artırdı, onu sülhə və kapitulyasiyaya doğru məcbur edən əsas mərhələlərdən biri oldu”.

Arzuman Muradlı onu da vurğulayıb ki, Qubadlının azad olunması gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivini reallaşdıran coğrafi üstünlüklər yaratdı:

“Bu isə regionda iqtisadi və geosiyasi balansı Azərbaycanın xeyrinə dəyişdi. Bu gün 25 oktyabr tarixi Qubadlının azad edilməsi günü kimi böyük qürurla qeyd olunur və Vətən müharibəsində qazanılan tarixi zəfərlərin simvoluna çevrilib".

Süleyman
Xəbəri paylaş