
Son vaxtlar sosial şəbəkələrdə DNT analizləri əsasında milli kimliyin, xüsusən də türk kimliyi mövzusunda aparılan müzakirələr diqqət çəkir. Müxtəlif platformalarda bəzi istifadəçilər DNT testlərinin nəticələrini paylaşaraq özlərini türk hesab etdiklərini, lakin analizlərdə fərqli etnik mənşələrin ortaya çıxdığını bildirirlər. Bəziləri də bu nəticələrdən istifadə edərək türk kimliyini ümumilikdə şübhə altına almağa çalışırlar.
Sosial mediada istənilən mövzunu DNT məsələsinə bağlayan, türklərlə bağlı müsbət və ya mənfi paylaşımların altında tez-tez “DNT analizi ver”, “əslində türk deyilsən” kimi şərhlər yazan insanlar da az deyil. Bəzi hallarda isə genetik testlərin nəticələri siyasi və ideoloji mübahisələrin alətinə çevrilir. Halbuki əksər tarixçilər vurğulayırlar ki, minilliklər boyu davam edən köçlər, müharibələr, ticarət əlaqələri və mədəni inteqrasiya prosesləri nəticəsində dünyanın demək olar ki, bütün xalqları müxtəlif etnik qruplarla təmasda olub və bu əsasda formalaşıb.
Bu baxımdan hər hansı xalqın kimliyini yalnız genetik göstəricilər əsasında müəyyən etməyə çalışmaq nə dərəcədə doğru bir yanaşma hesab oluna bilər?
Newscenter.az xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq və tarixçi Faiq Ələkbərli hesab edir ki, türk kimliyini, etnik-mədəni kimliyi yalnız gen və qanla bağlamaq düzgün deyil: "Xüsusilə türk kimliyi dedikdə, bunu bir milli mənsubiyyət kimi anlamaq lazımdır. Bu anlamda DNT analizləri aparıb buna uyğun olaraq "türkəm", "türk deyiləm" kimi nəticələr çıxarmağın heç bir anlamı yoxdur".
"Türklük anlayışı bir gen və qan olmaqdan daha çox bir törədir, əxlaqdır, mədəniyyətdir, etnik və mədəni məsələlərdir. Şübhəsiz ki, burada dil birliyi, müəyyən mənada bir-birinə yaxın olan xalqların qan birliyi kimi amillər də ola bilər. Ancaq türk kimliyi bunlardan daha üstündür. Türk anlayışı özündə fəlsəfəni, əxlaqı əks etdirir. Ona görə də məsələni yalnız gen və qanla izah etmək, milliyyətçilik anlamında dəyərləndirmək və bu cür yozumlar vermək doğru olmaz. Bu, bizim gələcəyimiz üçün də yaxşı bir perspektiv deyil. Biz xalqlara və insanlara baxdıqda türk törəsini, türk əxlaqını, türk fəlsəfəsini daha çox əsas götürməliyik", - deyə o qeyd edib.
F. Ələkbərli bildirib ki, keçmişə baxdıqda da görürük ki, əslində böyük dövlətləri o zaman qurmuşuq ki, onu bir törə, əxlaq, mədəniyyət və ədalətli idarəetmə sistemi kimi ortaya qoymuşuq: "Mən heç bir anlamda bu məsələlərin gen və qan məsələləri üzərindən, DNT analizləri keçirməklə “türkük”, yaxud “türk deyilik” kimi müzakirə edilməsini doğru hesab etmirəm. Məsələnin əsas mahiyyətində türk varlığı, türk düşüncəsi və türk fəlsəfəsi dayanır. Türk kimliyinin mahiyyəti də məhz bu həqiqəti özündə əks etdirir".












































