
Energetika Nazirliyində “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Newscenter.az xəbər verir ki, dövlət qulluğu və təşkilati idarəetmə şöbəsinin müdiri Əsəd İsmayılov Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əməkdaşlıq çərçivəsində dövlət qulluqçuları üçün təlimlərin səmərəli şəkildə davam etdiyini bildirib və cari təlimin mövzusunun aktuallığını vurğulayıb.
Daha sonra DİM nümayəndəsi Zeynal Cabbarovun nazirliyin müxtəlif şöbə və sektorlarında çalışan dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının tətbiqi ilə bağlı geniş təqdimatı olub. Təqdimatda dövlət qulluqçularının etik davranış qaydaları, onun əhəmiyyəti, bu istiqamətdə qəbul edilmiş beynəlxalq və milli qanunvericilik sənədləri, habelə, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri barədə məlumat verilib. Eyni zamanda, etik davranış qaydalarının pozulması və korrupsiya hallarına görə yaranan məsuliyyət və mübarizə tədbirləri barədə ətraflı müzakirələr aparılıb.
Təlim zamanı mövzu üzrə müxtəlif praktiki situasiyalar təqdim olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin Aparatı, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.
Süleyman











































