
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatı tərəfindən birgə təşkil olunan Konfrans “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusuna həsr olunub.
2019-cu ildən etibarən keçirilən və DİM 16-nın icrasının təşviqi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma hesab edilən Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.
O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşyönümlü dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar, şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkili sahəsində əldə olunan nailiyyətləri, eləcə də “ASAN xidmət” modelinin DİM 16-nın hədəflərinin həyata keçirilməsindəki əhəmiyyətli rolunu vurğulayıb.
Bildirilib ki, “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılması və inklüziv cəmiyyətin qurulması istiqamətində mühüm töhfələr verir.
Konfransda BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, BMT-nin İqtisadi və Sosial Şurasının Prezidenti, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktoru, eləcə də müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini və Keniyanın Dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib.
Görüşlər zamanı “ASAN xidmət” təcrübəsi barədə geniş təqdimat edilib, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nyu-Yorka səfər zamanı baş tutmuş tədbir və görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.
Ruhiyyə Mehdiyeva










































