
Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq Samsun İkiztepe Sağlamlıq Zirvəsi və Şimali Anadolu Sağlamlıq və Tibbi Avadanlıqlar Sərgisində (SAMED) iştirak etmək üçün Türkiyəyə səfər edən Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğanla görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən, eləcə də Samsun və Sumqayıt şəhərləri arasındakı əlaqələrdən bəhs edilib.

Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərinin əbədi olduğunu vurğulayıb.
“Bu dostluq əlaqələrini heç kim poza bilməz. Samsun və Sumqayıt şəhərləri uzun illərdir ki, qardaşlaşmış şəhərlərdir. Noyabrın 8-də Azərbaycanda Zəfər Günü tədbirlərində iştirak edəcəyəm”, – deyə Halit Doğan bildirib.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti adından Samsun Böyükşəhər Bələdiyyəsinin sədrinə milli ornamentlərlə bəzədilmiş hədiyyə təqdim olunub.
Daha sonra tərəflər xatirə fotosu çəkdiriblər.












































