
Türkiyəli jurnalist Celal Çiftçi baş örtüyü ilə bağlı açıqlamalarının Azərbaycanda narazılıq və inciklik yaratmasına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib.
Newscenter.az-ın məlumatına görə, Bizim.Media xəbər verir ki, bununla bağlı o X hesabında paylaşım edib.
"Açıqlamalarımın qardaş Azərbaycanda inciklik və kədərə səbəb olmasından dolayı peşmanam. İşlətdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.
Məqsədim bir jurnalist kimi baş örtüyü ilə bağlı həssaslığımı, din və vicdan azadlığına dair düşüncələrimi ifadə etmək idi. Lakin fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı ifadə etməli idim", - köşə yazarı qeyd edib.
Çiftçi qeyd edib ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsini istəmək kimi bir məqsədi olmayıb və ola da bilməz:
“Dini nifrət, düşmənçilik və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. Mənə qarşı irəli sürülən bu istiqamətdəki ittihamları qəbul etmirəm. Sözlərim bu cür çağırış kimi başa düşülübsə, əsl düşüncəmin belə olmadığını açıq şəkildə bildirirəm. Zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd edirəm. Heç kimi qanunsuz hərəkətə çağırmıram. Açıqlamalarımın da belə bir hərəkətə əsas kimi istifadə olunmasını istəmirəm.
Azərbaycan qardaş dövlətdir, Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin öz konstitusion qurumlarına aid olduğunun fərqindəyəm”.
Jurnalistin sözlərinə görə, baş örtüyü ilə bağlı həssaslığının əsasında insanların inanclarına və geyim seçimlərinə görə kənarlaşdırılmaması düşüncəsi dayanır:
“Başını örtənlərin də, örtməyənlərin də ləyaqətinə, hüquqlarına və azad iradəsinə hörmət edirəm. Bu mövzudakı fikirlərimi yalnız hüquq, qarşılıqlı hörmət və dinc dialoq çərçivəsində ifadə etmək istəyirəm.
İfadə və mətbuat azadlığına əsaslanarkən başqalarının hüquqlarını, ictimai sülhü və istifadə etdiyim dilin məsuliyyətini də nəzərə almalı olduğumun fərqindəyəm. Uyğun hesab etmədiyim məzmunları bu anlayışla sildim. Bundan sonrakı açıqlamalarımda daha diqqətli və ehtiyatlı olacağam”.
O, Türkiyədə və Azərbaycanda hər kəsdən bu açıqlamanın səmimiyyətlə qiymətləndirilməsini xahiş edib:
“Tənqidə açığam. Lakin özümün və ya hər hansı bir şəxsin təhqir, təhdid və linç kampaniyalarının hədəfinə çevrilməsini istəmirəm. Baş örtüyü məsələsi üzərindən də heç bir insanın hədəf göstərilməsini düzgün hesab etmirəm. Fikir ayrılıqlarının düşmənçiliyə çevrilməməsini arzulayıram.
Müvafiq qurumlardan açıqlamalarımın bütövlükdə, konteksti və burada açıq şəkildə ifadə etdiyim niyyətim nəzərə alınmaqla ədalətli şəkildə qiymətləndirilməsini xahiş edirəm”.
O, üzrünün irəli sürülən ittihamları qəbul etməsi kimi qiymətləndirilməməsini istəyib və Azərbaycan dövlətindən, xalqından bir daha səmimi şəkildə üzr istəyib:
“Üzrüm Azərbaycan dövlətinə və xalqına duyduğum hörmətin, yaratdığım inciklikdən dolayı keçirdiyim peşmanlığın ifadəsidir. Bu, törətmədiyimi bildirdiyim əməllərlə bağlı ittihamları qəbul etdiyim anlamına gəlmir.
Qardaşlığımıza zərər vermək istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün üzgünəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha səmimi qəlbdən üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm.
Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə Respublikasının vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Toplanmış materiallar əsasında Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.











































