Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalət gec də olsa, mütləq öz sözünü deməlidir

Ədalət gec də olsa, mütləq öz sözünü deməlidir


Ötən gün Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı İkinci Dünya müharibəsindən sonra alman faşizminin rəhbər şəxslərinin mühakiməsi üçün yaradılmış Nürnberq Beynəlxalq Hərbi Tribunalını xatırlatması və Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər, soyqırımları törətmiş Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hələ də beynəlxalq hüququn cəza çərçivələrindən kənarda qaldıqlarını vurğulaması sanki arı yuvasına çöp salıb. Dövlətimizin başçının bu çıxışından sonra həm sözügedən mənfur personajlar, həm də Ermənistanın revanşist dairələri bərk narahat olublar. Çünki onlar bir gün ədalət məhkəməsi qarşısında dayanmalı olacaqlarını başa düşürlər. Bəli, bu barbarlar da digər separatçılar kimi bir gün Bakı həbsxanasında Azərbaycan çayı içə bilərlər.

Bu həqiqəti dərk edən revanşist çevrələrin isterik reaksiyası da təsadüfi deyil. Onlar yaxşı anlayırlar ki, zaman dəyişsə də, cinayətin adı dəyişmir. Xalqımıza qarşı törədilmiş qətliamlar, etnik təmizləmə siyasəti, işğal və terror heç vaxt unudulmur və unudulmayacaq. Hər kəs bilir ki, dövlətlərin tarixində elə məqamlar olur ki, susmaq artıq mümkün olmur, ədalətin səsi siyasi səs-küyü üstələyir.

Prezident İlham Əliyevin çıxışı da məhz bu ədalət çağırışının növbəti təzahürü idi. O, təkcə keçmişi xatırlatmadı, həm də beynəlxalq hüququn seçici tətbiqinə qarşı prinsipial mövqe sərgilədi. Çünki əgər Nürnberq tribunalı bəşəriyyətə bir dərsdirsə, bu dərs yalnız bir regiona və ya bir dövrə aid deyil. Cinayət edənlərin kimliyindən asılı olmayaraq, ədalət gec də olsa, mütləq öz sözünü deməlidir.

Buna görə də bu gün isterik reaksiyalar, hədələr və təxribatçı açıqlamalar nə qədər çoxalsa da, reallıq dəyişmir: Azərbaycan öz haqlı mövqeyindən geri çəkilmir. Əksinə, ölkəmiz həm tarixi ədalətin bərpası, həm də hüquqi müstəvidə məsuliyyətin təmin olunması istiqamətində ardıcıl və prinsipial xəttini davam etdirir. Azərbaycan xalqı da yaxşı bilir ki, gec-tez hər bir cinayətin cavabı verilir və heç bir barbarlıq cəzasız qalmır.
Xəbəri paylaş