Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Dağıstan münasibətləri böyük iqtisadi əhəmiyyət kəsb edir

Azərbaycan-Dağıstan münasibətləri böyük iqtisadi əhəmiyyət kəsb edir


"Prezident İlham Əliyevin Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edərkən Azərbaycan və Dağıstan xalqları arasındakı sıx münasibətləri Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amili adlandırması sadəcə diplomatik bir bəyanat deyil, regionun geosiyasi, mədəni və iqtisadi reallıqlarına əsaslanan strateji bir mesajdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Azərbaycan ilə Dağıstanı çoxəsrlik tarixi, mədəni, dini və etnik tellər bağlayır:

"Dağıstanda çoxsaylı azərbaycanlı, Azərbaycanda isə ləzgi, avar, saxur kimi Dağıstanın yerli xalqlarının nümayəndələri əsrlərdir dinc, yanaşı və inteqrasiya olunmuş şəkildə yaşayırlar. Prezidentin xalqlar arasındakı münasibətləri önə çəkməsi bu dostluğun dövlətlərarası siyasi konyunkturadan asılı olmadığını və daha dərin təməllərə söykəndiyini göstərir. Sirr deyil ki, Qafqaz regionu tarixən həssas və geosiyasi maraqların toqquşduğu bir məkandır. Dağıstan isə Rusiya Federasiyasının tərkib hissəsi olaraq Azərbaycanın şimal qapısı və yeganə quru sərhədidir. Şimali Qafqazda, xüsusən də Dağıstanda daxili sabitlik birbaşa olaraq Azərbaycanın milli təhlükəsizliyinə təsir edir".

Millət vəkili qeyd edib ki, iki respublika arasında güclü dini-mədəni və təhlükəsizlik əlaqələri regionda radikal cərəyanların və ekstremizmin qarşısının alınmasında mühüm sipər rolunu oynayır:

"Azərbaycan-Dağıstan münasibətləri həm də böyük iqtisadi əhəmiyyət kəsb edir. Xüsusilə son illərdə qlobal logistikada rolu kəskin artan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi birbaşa Azərbaycan və Dağıstan ərazisindən keçir. Sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, dəmir yolu və avtomobil yolları infrastrukturunun genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması hər iki tərəfin iqtisadi tərəqqisinə birbaşa töhfə verir. Azərbaycan ilə Rusiya Federasiyası arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə kontekstində Bakının Rusiya subyektləri ilə birbaşa əlaqələri xüsusi yer tutur. Dağıstan bu münasibətlərdə həm coğrafi, həm də mənəvi baxımdan ən mühüm körpüdür. Qurban Qurbanov kimi nüfuzlu regional xadimlərin Bakıda qəbul edilməsi Azərbaycanın Rusiya daxilindəki regional elitalarla birbaşa və səmimi dialoqa verdiyi önəmin göstəricisidir. Unutmaq olmaz ki, Qafqazın taleyi, sabitliyi və gələcək tərəqqisi kənar oyunçulardan deyil, bu regionda yaşayan xalqların və dövlətlərin bir-biri ilə qurduğu dinc, mehriban qonşuluq münasibətlərindən asılıdır".

Süleyman
Xəbəri paylaş