
Mingəçevir şəhərində tərbiyəçi müəllimə işləyən, əsgər anası Sevinc Məmmədova Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərova müraciət edib. Newscenter.az xəbər verir ki, müraciət müəllifi Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru tərəfindən ədalətsizliklə üzləşdiyini bildirib.
Müraciəti təqdim edirik:
Hörmətli Anar müəllim!
Mən, Sevinc Məmmədova, uzun illər təhsil sahəsində fəaliyyət göstərən tərbiyəçi müəllim və Azərbaycan Ordusunda xidmət edən əsgərin anası olaraq Sizə müraciət edirəm.
Son aylarda təhsil sahəsində qanunvericiliyin tətbiqi, vətəndaş müraciətlərinə baxılması və idarəetmədə şəffaflığın təmin olunması ilə bağlı bir sıra məsələlər üzrə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Xüsusilə, Mərkəzi-Aran Regional Təhsil İdarəsi və Mingəçevir Şəhər Təhsil Sektoru tərəfindən müraciətlərimə verilən cavablar məndə ciddi narahatlıq yaratmışdır.
Müraciətlərimdə qaldırdığım sualların əksəriyyətinə konkret hüquqi əsaslandırma təqdim edilməmiş, bəzi hallarda isə müraciətin mahiyyəti üzrə cavab verilməmişdir. Nəticədə vətəndaş olaraq məndə belə bir fikir formalaşmışdır ki, qaldırdığım məsələlərin bir hissəsi ya lazımi qaydada araşdırılmır, ya da araşdırmanın nəticələri müraciət müəllifinə tam və şəffaf şəkildə təqdim edilmir.
Hesab edirəm ki, bu cür yanaşma Azərbaycan Respublikası Konstitusiyasının və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun ruhuna və tələblərinə uyğun deyil. Dövlət qurumlarının vəzifəsi vətəndaşın sualından yayınmaq deyil, ona qanunvericiliyə əsaslanan, aydın və əsaslandırılmış cavab verməkdir.
Xüsusilə qeyd etmək istəyirəm ki, təhsil sahəsində çalışan bir müəllim olaraq məqsədim hansısa vəzifəli şəxsi və ya qurumu hədəfə almaq deyil. Məqsədim təhsil sistemində qanunçuluğun, şəffaflığın və hesabatlılığın təmin olunmasına töhfə verməkdir. Təhsil sahəsində yaranan problemlərin gizlədilməsi deyil, onların qanun çərçivəsində araşdırılması və aradan qaldırılması cəmiyyətin maraqlarına xidmət edir.
Təəssüf hissi ilə qeyd edirəm ki, sosial şəbəkələrdə müxtəlif tədbirlər, görüşlər və bayram günləri ilə bağlı mütəmadi məlumatlar paylaşan bəzi təhsil qurumları vətəndaşların konkret və hüquqi məzmunlu müraciətlərinə eyni həssaslıqla yanaşmırlar. Bu isə vətəndaşlarda dövlət qurumlarına inamın zəifləməsinə səbəb olur.
Bununla əlaqədar olaraq Sizdən xahiş edirəm:
Müraciətlərimdə qaldırdığım məsələlərin araşdırılması vəziyyətinin nəzarətə götürülməsinə;
Aidiyyəti qurumlar tərəfindən verilmiş cavabların qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsinə;
Vətəndaş müraciətlərinə formal deyil, mahiyyəti üzrə baxılması məsələsinə diqqət yetirilməsinə;
Araşdırmanın nəticələri barədə mənə ətraflı və əsaslandırılmış məlumat verilməsinə köməklik göstərəsiniz.
İnanıram ki, Milli Məclisin Elm və Təhsil Komitəsi təhsil sahəsində şəffaflığın, müəllim hüquqlarının qorunmasının və qanunun aliliyinin təmin olunması istiqamətində üzərinə düşən ictimai nəzarət funksiyasını həyata keçirərək bu müraciətə həssaslıqla yanaşacaqdır.
Əgər vətəndaşların sualları cavabsız qalırsa, müraciətlər formal şəkildə cavablandırılırsa və qaldırılan problemlər araşdırılmırsa, bu vəziyyətin aradan qaldırılması dövlətin təhsil siyasətinə və vətəndaş məmnuniyyətinə xidmət edən vacib məsələlərdən biridir.
Əvvəlcədən diqqətinizə görə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Süleyman












































