Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatın qaldırdığı məsələ həllini tapır: Zabratdakı 21 nömrəli Poliklinika əsaslı təmir olunur

Deputatın qaldırdığı məsələ həllini tapır: Zabratdakı 21 nömrəli Poliklinika əsaslı təmir olunur


Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 21 nömrəli Şəhər Poliklinikasında aparılan əsaslı təmir-tikinti işləri ilə yerində tanış olub.

Newscenter.az-a daxil olan məlumata görə. deputata görülən işlərin gedişi, həyata keçirilən yenidənqurma tədbirləri və tibb müəssisəsinin gələcək fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsaslı təmir işləri çərçivəsində binanın daxili və xarici hissələri tamamilə yenilənir, müasir standartlara uyğun mühəndis-kommunikasiya sistemləri qurulur, elektrik, su və istilik xətləri yenidən çəkilir. Eyni zamanda, bütün həkim və xidmət otaqları müasir tələblərə uyğun şəkildə yenidən təşkil olunur, ayrı-ayrı ixtisaslar üzrə əlavə həkim otaqları yaradılır. Bu isə həm tibbi personalın daha rahat fəaliyyət göstərməsinə, həm də pasiyentlərin qəbul prosesinin daha səmərəli təşkilinə imkan verəcək.

Qeyd olunub ki, 21 nömrəli Şəhər Poliklinikası Zabrat qəsəbəsi və ətraf yaşayış məntəqələrində yaşayan təxminən 50 min nəfər uşaq və böyük əhaliyə ambulator-poliklinik tibbi xidmət göstərən mühüm səhiyyə müəssisələrindən biridir.

21 nömrəli Şəhər Poliklinikasında müxtəlif ixtisaslar üzrə ambulator tibbi xidmətlər göstərilir, laborator, EKQ, USM və fizioterapiya xidmətləri fəaliyyət göstərir. Müəssisə tam elektron sistem əsasında işləyir, xidmət göstərdiyi ərazidə yerləşən məktəblərdə isə uşaq və yeniyetmələrin icbari dispanserizasiyası və sağlamlıq vəziyyətinə mütəmadi nəzarət həyata keçirilir.

Zabrat qəsəbəsində yerləşən 21 nömrəli Şəhər Poliklinikasının əsaslı təmir-tikintisi məsələsi uzun müddət deputat Azər Allahverənovun diqqət mərkəzində olub. Bu məqsədlə deputat Milli Məclisin plenar iclasında əsaslı təmir məsələsini qaldırıb və aidiyyəti dövlət qurumlarına, xüsusilə TƏBİB rəhbərliyinə rəsmi sorğular ünvanlayıb.
Poliklinikada aparılan təmir işləri ilə tanış olan Azər Allahverənov xüsusilə vurğulayıb ki, müraciətlərin qısa müddətdə öz müsbət həllini tapması dövlətin vətəndaş müraciətlərinə həssas yanaşmasının göstəricisidir. O, göstərilən diqqət və dəstəyə görə aidiyyəti qurumlara, xüsusilə TƏBİB rəhbərliyinə təşəkkürünü bildirib.

Süleyman
Xəbəri paylaş