Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir

Səfər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir


Dövlət müstəqilliyinin bərpası Azərbaycanın dövlətçiliyində bəşəri bir mərhələ oldu. Müstəqillik, suverenlik Azərbaycanın dövlətçilik nüfuzunun da, tarixinin də yüksəlişini təmin etdi. Dünyanın böyük dövlətləri Azərbaycanla ikitərəfli əlaqələr yaratdı. Bu əlaqələr həm inkişaf oldu, həm də nüfuz. Azərbaycan neçə-neçə beynəlxalq təşkilata üzv seçildi.

Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri mərhələlərlə genişlənməkdədir. Bu münasibətlər Avropa Komissiyası üçün də səmərəlidir, Azərbaycan üçün də. Güclü dövlət olaraq Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan Avropa Komissiyası arasında ikitərəfli əlaqələr etimadı dönməzləşdirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana səfəri də bu etimadın təzahürüdür. Belə ki, bu ilin may ayında Avropa diplomatiyasının rəhbəri xanım Kallas Azərbaycanda səfərdə olmuşdu, Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri bu etimadın səviyyəsinin mahiyyətini ifadə edir.

Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın ticari əlaqələrinin coğrafiyasından, bu sıradan Azərbaycanın Cənubi Qazqazda əsas ticarət tərəfdaşı olmasından, bu ticarətin təxminən 70 faizinin Azərbaycanla aparılmasından söz açıb, Azərbaycanla Avropa Komissiyası arasında əməkdaşlığın geniş müzakirə edildiyini, xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfərinin də xeyli əhəmiyyətli olduğunu xatırladaraq dedi: “...biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur”.

Dünya dövlətləri siyasi sabitlik istəyir. Dünyanın nizamı məhz bu amillə bağlıdır. Müstəqil dövlət kimi xarici siyasətini bu istiqamətdə qurmuş Azərbaycan da bu sahədə uğurlu, qətiyyətli diplomatik fəaliyyət aparmışdır. Bu siyasət həm də iqtisadi-ticari münasibətlər formatında davam etdirilmişdir. Azərbaycanla Avropa Komissiyası arasında əməkdaşlığı genişləndirmək, tərəfdaşlığı gücləndirmək məqsədi ilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərdə görünməmiş dinamika müşahidə olunduğunu, Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndirdiyini, xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyin geniş şəkildə müzakirə edildiyini bildirən Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi: “Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik”.

Avropa Komissiyası ilə Azərbaycanın münasibətlərinin yeni hissəsinin bərpaolunan enerji ilə bağlı olduğunu, Azərbaycanın sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyini nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdığını, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycanın Birgə Bəyannamə imzaladığını, bu sənədi Prezident Trampın şahid kimi imzaladığını, orda Ermənistan ilə Azərbaycanın sülh sazişinin mətnini parafladığını, beləliklə, de-fakto sülh qurulduğunu xatırladan Azərbaycan Pespublikasının Prezidenti dedi: “...sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək”.

Avropa Komissiyasının sədri xanım prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri həm siyasi, həm də iqtisadi münasibətlər sistemində yeni bir mərhələ yaratdı. Səmimi söhbətlər münasibətlərin səmimiliyinin təsdiqi oldu. Müxtəlif istiqamətlərdə müxtəlif mövzularda razılaşmalar bu əlaqələrin daha da genişlənəcəyinin zəmanətidir. Dövlət başçımız mətbuata bəyanatında bildirdi: “Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik. Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq”...

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da genişlənəcəyinin ifadəsi kimi tarixləşdi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişidir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş