Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AS Group şirkəti sakinlərə qənim kəsilib

AS Group şirkəti sakinlərə qənim kəsilib


Son illər paytaxt Bakı geniş bir tikinti meydançasına çevrilib. Vaxtilə sovetlərdən qalan yaşayış binaları yerini çoxmərtəbəli göydələnlərlə əvəzləyib. Şəhər sanki dörd bir tərəfdən göydələnlərlə əhatə olunub. Bu proses öz-özlüyündə tikinti şirkətlərinin artması, mövsümi xarakter daşısa da iş yerlərinin açılmasına imkan yaradıb. Ancaq burada müəyyən təəssüf doğuran məqamlar da var. Bunlar da bəzi tikinti şirkətlərinin fırıldaqçı, çıxması, yaxud həyata keçirdiyi tikinti prosesi zamanı ətrafda yaşayan sakinləri, hətta canlı təbiəti belə nəzərə almaması, bütün fəaliyyətini sanki barbarcasına həyata keçirməsidir. Necə ki, AS Group tikinti şirkəti kimi. Məlumat üçün bildirək ki, sözügedən tikinti şirkətinə məxsus "4you Baku" MTK tərəfindən paytaxtın Nəsimi rayonundakı Azər Əliyev və Tiflis prospekti arasında tikinti işləri aparılır. Lakin yuxarıda qeyd etdiyimiz kimi şirkətin gördüyü işlər zamanı normativ qaydalara əməl etməməsi ətrafda yaşayan sakinlər arasında ciddi etiraz yaradıb. Bununla bağlı redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, şirkət bütün sakinləri boğaza yığıb. Sakinlər bildirirlər ki, səhər saat 08.00-dan gecə saat 03-04 kimi davam edən iş prosesi hər kəsin rahatlığını pozub:

"Səs-kuydən və toz-torpaqdan nə yata, nə də nəfəs ala bilirik".

Hətta şirkətin tikinti işləri zamanı canlı təbiətə qənim kəsildiyi, ətrafdakı yaşıllığı məhv etdiyi də bildirilir. Şikayət müəllifləri bildirirlər ki, şirkətin ətrafdakı ağacları kəsməsi ilə bağlı Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi də məlumatlı olub və sakinlərin bununla bağlı etirazına müvafiq cavab göndərib. Nazirliyin sakinlərə ünvanladığı məktubda AS Groupa şirkətinə məxsus "4 you Baku" MTK-nin tikinti prosesi zamanı yaşıllığı məhv etdiyi təsdiqlənib, məsələ ilə bağlı Respublika Prokurorluğuna müraciət edildiyi bildirilib. Ancaq göründüyü kimi şirkət öz fəaliyyətini heç nə baş verməmiş kimi yürüdərək ətrafa ciddi şəkildə problemlər yaratmaqla işini davam etdirir.

Sakinlər qeyd edirlər ki, AS Groupun ətraf üçün yaratdığı problemlər bununla bitmir. Belə ki, şirkətə məxsus MTK tikinti meydançasına yaxın yerdə piyadalar üçün olan yolu da zəbt edib, paralel olaraq nəqliyyat vasitələrinin hərəkət etdiyi yol hissəsini daraladıb:

"Nəqliyyat vasitələri orda tıxaca düşür. Piyada yolu tutulduğu üçün insanlar məcbur olub avtomobil yolunun hərəkət hissəsinə keçirlər".

Şikayət müəllifləri ümid edirlər ki, müvafiq qurumlar onların səsinə səs verəcək və AS Group şirkətinin sakinlər üçün yaratdığı çoxsaylı problemlərin həlli istiqamətində müəyyən addımlar atacaqlar.

Süleyman
Xəbəri paylaş