
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuş və uzun illər itkin hesab edilən qəhrəman Vətən övladlarının meyit qalıqları aparılmış DNA ekspertizaları nəticəsində müəyyən edilərək doğma yurdları olan Füzuli rayonuna gətirilib.
32 ildən sonra şəhidlərimizin nəşlərinin ailələrinə təhvil verilməsi Azərbaycan xalqı üçün həm kədərli, həm də qürurverici bir hadisə kimi tarixə yazıldı. Füzuli rayonunda keçirilən vida və dəfn mərasimlərində dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və çoxsaylı vətəndaşlar iştirak edərək qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramlarını ifadə etdilər.
Newscenter.az xəbər verir ki, mərasimdə Aztürk Holding şirkətinin prezidenti Güləli Bağırov da iştirak edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı verib. O bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onların müqəddəs ruhu qarşısında hər bir azərbaycanlının mənəvi borcu birlik, dövlətçilik və vətənpərvərlik dəyərlərini daim yaşatmaqdır.
Güləli Bağırov qeyd edib ki, şəhidlərimizin illər sonra doğma torpaqda dəfn olunması onların ailələri üçün təsəlli olmaqla yanaşı, Azərbaycanın heç bir qəhrəmanını unutmadığının, itkin düşmüş hər bir şəhidin taleyinin araşdırılmasının dövlətimizin prioritet məsələlərindən biri olduğunun bariz nümunəsidir.
Bu mərasim bir daha göstərdi ki, zaman keçsə də, Vətən uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Azərbaycan xalqı şəhidlərinin müqəddəs xatirəsini daim uca tutur və onların qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnək olaraq yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
Süleyman











































