Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı xəttləri keçmək, dəyərləri çeynəmək, insanların inanclarını alçaltmaq olmaz

Qırmızı xəttləri keçmək, dəyərləri çeynəmək, insanların inanclarını alçaltmaq olmaz


Sosial şəbəkələr üzərindən insanlarımızın dini inancına qarşı, milli-mənəvi dəyərlərimizə qarşı qanunvericiliyə zidd paylaşımlar edən “Çevik” ləqəbi ilə tanınan şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı, onun barəsində prosessual tədbirlərin davam etdirildiyi bildirilir. O, TikTok platformasında açdığı canlı yayımlarda ateizmin sərt təbliği və radikal antidini tənqidlərlə çıxış edirdi.
İnternetdə ictimai mənəviyyatı təhqir etmək, cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələrin səsləndirilməsində ittiham olunan və 10 sutka cəza verilən bu TikTok "fenomen"inin həbsi gözlənilən idi. Belə də olmalıydı. Çünki heç kimin haqqı deyil kiminsə inancını aşağılasın, toplumun dəyərlərini təhqir etsin. Bunu hansı adla, hansı motivlərlə edirsə-etsin, bu, yol verilməzdir. Ateizmin təbliği heç bir halda milli-mənəvi dəyərlərin təhqir edilməsi üzərindən qurulmamalıdır. İstər ateizmi, istərsə də digər dünyagörüşlərini, fərqli yanaşmaları insanların dini inancını alçaltmadan, üçrəngli bayrağımıza yansıyan İslam keçmişimizi hədəf almadan da təbliğ etmək olar. Hər hansı ideoloji baxışın və ya dünyagörüşünün təbliği, insanların dini inancına hörmətsizlik üzərində qurulmamalıdır.
Sivil cəmiyyətlərdə məhz bu cür olur. İctimai birgəyaşayış qaydaları bunu tələb edir. Dinin dövlətdən ayrı olduğu, heç bir siyasi və dini ideologiyanın hakim olmadığı bütün sivil cəmiyyətlərdə hər kəs bir-birinin dini inancına (və ya inancsızlığına), ideoloji baxışlarına tolerantlıq anlayışı ilə, sayğı ilə yanaşmalıdır. Qırmızı xəttləri keçmək, dəyərləri çeynəmək, insanların inanclarını alçaltmaq olmaz. İctimai dəyərlərin aşağılanması və insanların inanclarının təhqir edilməsi qəbulolunmazdır.
Bu cür halların baş verməsi təkcə hüquqi müstəvidə deyil, həm də ictimai münasibətlər baxımından ciddi narahatlıq doğurur. Çünki hər bir insanın dini inancı, dünyagörüşü və mənəvi dəyərləri toxunulmaz sayılmalı, heç bir halda təhqir və aşağılanma predmetinə çevrilməməlidir. Bəzi şəxslər "ifadə azadlığı", "söz azadlığı"nı yanlış anlayırlar. İfadə azadlığı, hər nə qədər fundamental hüquq olsa da, bu azadlıq başqasının ləyaqətini, inancını və toplumsal dəyərləri zədələmək üçün vasitə kimi istifadə oluna bilməz.
Cəmiyyət daxilində sülhün və qarşılıqlı etimadın qorunması üçün əsas şərtlərdən biri tolerantlıq və qarşılıqlı hörmət prinsipinə əməl edilməsidir. Fərqli baxışların, ideoloji mövqelərin və dünyagörüşlərinin mövcudluğu təbii haldır. Lakin bu fərqliliklər qarşı tərəfin inancını alçaltmaq, onun dəyərlərini hədəf almaq və ya ictimai gərginlik yaratmaq formasında təqdim edilməməlidir. Hər hansı ideyanın təbliği mədəni, sivil və qanun çərçivəsində həyata keçirilməlidir.
Xüsusilə multikultural və tarixi dəyərlərlə zəngin cəmiyyətlərdə milli birlik və həmrəylik böyük önəm daşıyır. Bu birliyə zərər vura biləcək hər hansı addım, istər ictimai davranış, istərsə də sosial media fəaliyyəti formasında olsun, məsuliyyətlə dəyərləndirilməlidir. Toplumun birləşdirici dəyərlərinə hörmət göstərmək ictimai sabitliyin və qarşılıqlı anlaşmanın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, istənilən ideoloji və ya siyasi dünyagörüşünün təbliği zamanı əsas prinsiplərdən biri etik davranış qaydalarına, qanunlara riayət etmək və insan ləyaqətinə hörmətlə yanaşmaqdır. Heç bir baxışın üstünlüyü başqasını alçaltmaqla əsaslandırıla bilməz. Buna görə də cəmiyyətin bütün üzvləri milli həmrəylik, ictimai məsuliyyət və qarşılıqlı hörmət ruhunu qorumağa xüsusi diqqət yetirməlidirlər. Milli birlik və həmrəyliyimizə zərbə vura biləcək addımlardan hər kəs çəkinməlidir. Türkçülük, çağdaşlıq və islamçılıq bizim milli həmrəyliyimizin əsasını təşkil edir. Ona görə də heç kim bu müqəddəs dəyərlərimizə, təməl hədəflərimizə dil uzatmamalıdır.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş