
1875-ci ildə "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatının 151-ci ildönümü qeyd edilir. O dövrdən bu yana mətbuatımız böyük inkişaf yolu keçsə də, onun cəmiyyətdəki fundamental missiyası dəyişməz qalıb. Müasir mətbuatın “görən gözü” və “eşidən qulağı” hesab edilən jurnalist yalnız hadisəni çatdıran şəxs olmamalı, o, cəmiyyətin maarifləndirilməsinə, demokratik dəyərlərin qorunmasına, eləcə də ictimai etimadın formalaşmasına təsir edən əsas qüvvəyə çevrilməlidir. Məhz bu missiyanın davamlılığı müasir mətbuatı cəmiyyətin və dövlətin həyatında strateji bir təsisata çevirir.
İnformasiya texnologiyalarının sürətli inkişafı və süni intellektin tətbiqi isə bu strateji rolu yeni bir mərhələyə daşıyır. Bu texnologiyalar müasir dövrün tələb və təkliflərini sürətlə dəyişir. Bütün sahələrdə olduğu kimi, jurnalistikada da transformasiyaların olması labüddür. Qlobal inteqrasiya və rəqəmsallaşma mühitində dinamik proseslərə uyğunlaşmaq üçün təkcə texnoloji yenilikləri izləmək kifayət deyil, həm də çevik düşüncə tərzini mənimsəmək tələb olunur. Müasir dövrdə jurnalistin əsas rolu cəmiyyəti qərəzsiz, obyektiv və aktual informasiya ilə təmin etməkdən, dezinformasiya axınında etibarlı bələdçi olmaqdan, həmçinin ictimai nəzarəti həyata keçirməkdən ibarətdir.
Rəqəmsal dövrün tələbləri çərçivəsində “dördüncü hakimiyyət” nümayəndəsi olan jurnalistin daşımalı olduğu əsas vəzifələr bunlardır:
• İnformasiya bolluğu və onun sürətlə yayıldığı dövrdə faktları süzgəcdən keçirib yoxladıqdan sonra cəmiyyətə qərəzsiz və mənbəyə əsaslanan xəbərlər təqdim etmək;
• Qərarların qəbulu prosesində, dövlət və özəl sektorun fəaliyyətində şəffaflığı təmin etmək məqsədilə nəzarət funksiyasını yerinə yetirmək və hesabatlılıq tələb etmək;
• Baş verən hadisələrin səbəb və nəticələrini, eləcə də cəmiyyətə təsirini dəqiq və qərəzsiz təhlil etməklə oxucularda tənqidi təfəkkürü formalaşdırmaq;
• Dezinformasiyaların geniş yayıldığı bir zamanda auditoriyanı doğru xəbərə yönləndirmək;
• Sağlam ictimai müzakirə platformaları yaradaraq obyektiv ictimai rəyin və dialoqun formalaşmasına nail olmaq.
Texnoloji transformasiyalar nə qədər sürətli olsa da, jurnalistikanın sarsılmaz dəyərləri rəqəmsal alətlərdən daha üstündür. Azərbaycan mətbuatının 151 illik zəngin tarixi və ənənələri sübut edir ki, medianın gücü onun obyektivliyində, eləcə də xalqa xidmətindədir. Jurnalist müasir texnologiyalardan istifadə edərək hadisəni sadəcə sürətlə çatdırmaqla kifayətlənməməli, həm də cəmiyyətdə intellektual bir qüvvə kimi çıxış etməlidir. Yalnız bu mənəvi və peşəkar məsuliyyəti qorumaqla mətbuatımız rəqəmsal əsrdə də öz strateji statusunu qoruyub saxlayacaqdır.
"Newscenter.az" saytı adından media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Ruhiyyə Mehdiyeva










































