
David Seliverstov: “Azərbaycan hüquq sistemi insan faktorunu, insan ləyaqətini və ədalət prinsipini nəzərə alaraq fəaliyyət göstərir”
Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin Almaniyaya səfərində diqqət çəkən məqamlardan biri də Prezidentin köməkçisi Hikmət Hacıyevin blogger Tural Sadıqlı ilə dialoqu və cənab Hacıyevin qarşı tərəfə milli maraqlar, dövlətçilik dərsi keçməsi oldu. Sözügedən məsələ ilə bağlı Newscenter.az olaraq beynəlxalq hüquq müdafiəçisi David Seliverstovla söhbətləşdik.
-David bəy, hüquq müdafiəçisi kimi, Prezidentin köməkçisi Hikmət Hacıyevin Tural Sadıqlının fikirlərinə verdiyi cavabı necə qiymətləndirirsiniz?
-Hüquq müdafiəçisi kimi hesab edirəm ki, Hikmət Hacıyevin verdiyi cavab hüquqi prinsiplər, dövlətçilik yanaşması və faktlara əsaslanan mövqe çərçivəsində tam əsaslı idi. Onun açıqlamasında heç bir şəxsin insan ləyaqətini alçaldan, təhqiramiz və ya hüquq pozuntusu yaradan ifadə olmayıb. Əksinə, o, baş verən hadisələrə hüquqi və siyasi reallıqlar çərçivəsində münasibət bildirib.
Hüquqi dövlətdə hər bir ifadə emosiyalarla deyil, faktlarla və hüquqi qiymətləndirmə ilə dəyərləndirilməlidir. “Vətənə xəyanət” kimi ifadələr də müəyyən hallarda hüquqi məsuliyyət və dövlət maraqları baxımından qiymətləndirilən anlayışdır. Əgər hər hansı şəxslər dövlətin konstitusion quruluşuna qarşı fəaliyyət göstərməkdə, separatçılıq proseslərində və ağır hüquq pozuntularında ittiham olunurlarsa, həmin məsələlər məhkəmə tərəfindən araşdırılır və hüquqi qiymət verilir.
Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan dövləti bu prosesdə hüquqi dövlət prinsiplərinə sadiqliyini nümayiş etdirib. Otuz ildən artıq davam edən münaqişə dövründə baş vermiş hadisələr Azərbaycan cəmiyyətinin yaddaşında dərin iz buraxıb. Minlərlə insan həmin dövrün ağrılarını, itkilərini və ağır nəticələrini yaşayıb. Bu hadisələrin şahidi olan bir cəmiyyət üçün ədalət məsələsi yalnız hüquqi deyil, həm də mənəvi əhəmiyyət daşıyır.
Lakin hüquqi dövlətin ən böyük gücü ondan ibarətdir ki, cavabını emosiyalarla deyil, qanunla verir. Azərbaycan məhkəmə sistemi də məhz bu prinsiplə hərəkət edərək, ittiham olunan şəxslərə hüquqi müdafiə imkanları yaradıb, proseslərin şəffaf və qanunvericiliyə uyğun keçirilməsini
təmin edib.
-Bəs həm qarşı tərəfin, həm də müəyyən şəxslərin məhkəmələrin guya ədalətli qərarlar çıxarmadığına dair fikirlərinə Sizin mövqeyiniz necədir? Bu arada onu da qeyd edim ki, hətta Azərbaycana qarşı müxtəlif cinayətlər törətmiş erməni separatçılarının məhkəmə prosesi barədə də zaman-zaman müəyyən xarici dairələr tərəfindən qeyri-obyektiv fikirlər səsləndirilir.

-Hüquq müdafiəçisi kimi hesab edirəm ki, separatçı rejimin rəhbərləri və digər şəxslərlə bağlı verilən məhkəmə qərarları bir daha göstərir ki, Azərbaycan məhkəməsi yalnız cəza prinsipini deyil, eyni zamanda humanizm prinsipini də əsas götürüb. Mənim fikrimcə, bu şəxslərə qarşı qəbul edilən qərarlar bir daha sübut edir ki, Azərbaycan hüquq sistemi insan faktorunu, insan ləyaqətini və ədalət prinsipini nəzərə alaraq fəaliyyət göstərir.
Əgər bir dövlət otuz ildən artıq müddətdə ağır nəticələrə səbəb olmuş hadisələrdən sonra belə məhkəmə proseslərini qanun çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun və humanist yanaşma ilə həyata keçirirsə, bu, həmin dövlətin hüquqi institutlarının gücünü göstərir.
Hikmət Hacıyevin mövqeyinə gəldikdə isə, hesab edirəm ki, onun cavabında heç bir hüquq pozuntusu yoxdur. O, konkret faktlara və dövlətin hüquqi mövqeyinə əsaslanan fikir bildirib. Hüquqi həqiqəti ifadə etmək, dövlətin mövqeyini müdafiə etmək və tarixi hadisələrə hüquqi qiymət vermək insan ləyaqətinə qarşı çıxmaq demək deyil.
Əksinə, həqiqəti faktlarla ifadə etmək hüquqi məsuliyyətin bir hissəsidir. İnsan hüquqları anlayışı yalnız ittiham olunan şəxslərin hüquqlarını deyil, həm də zərər çəkmiş insanların, şəhid ailələrinin, müharibədən əziyyət çəkmiş insanların hüquqlarını və ədalət tələbini əhatə edir.
Beynəlxalq hüquq müdafiəçiləri də bu məsələlərə yalnız bir tərəfin mövqeyindən deyil, tam obyektiv və balanslı yanaşmalıdırlar. Hüquq müdafiəsi ədalətdən ayrı düşünülə bilməz. Əsl humanizm həm hüquqi proseslərdə insan ləyaqətini qorumaq, həm də törədilmiş əməllərin hüquqi məsuliyyətini təmin etməkdir.
Məhz buna görə hesab edirəm ki, Hikmət Hacıyevin açıqlaması hüquqi dövlət prinsiplərinə uyğun, faktlara əsaslanan və dövlətin suveren hüquqlarını müdafiə edən mövqedir. Azərbaycan nümunəsi göstərir ki, ədalət yalnız cəza vermək deyil, həm də qanunun aliliyini, humanizmi və insan amilini qorumaqdır.
https://youtube.com/shorts/ltPZEmjPIDI?si=BLMCV3Edd7hGoInX
Süleyman İsmayılbəyli









































