
"İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını "düşmən media" kimi təqdim etməsi diplomatik və siyasi baxımdan son dərəcə qeyri-konstruktiv və hətta mən deyərdim ki, qeyri-etik yanaşmadır".
Bunu Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, dövlətlər arasında fikir ayrılıqları və siyasi ziddiyyətlər mövcud ola bilər, lakin rəsmi dövlət media qurumunu bu cür ittiham etmək əslində ikitərəfli münasibətlərdə gərginliyi daha da artıran addımdır:
"Bu, Tehranın son illərdə Azərbaycana münasibətdə formalaşdırdığı sərt ritorikanın davamı kimi qiymətləndirilə bilər və regionda onsuz da həssas olan geosiyasi mühiti daha da mürəkkəbləşdirir.
İranın bu ritorikası ilk növbədə onun Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlardan narahatlığının göstəricisidir. Azərbaycan son illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan mövqelərini gücləndirib, regional nəqliyyat və enerji layihələrinin əsas iştirakçılarından birinə çevrilib. Eyni zamanda Bakı Türkiyə ilə strateji müttəfiqliyini möhkəmləndirib, İsrail və Qərb ölkələri ilə əməkdaşlığını inkişaf etdirib. Tehran isə bu proseslərin öz milli təhlükəsizlik maraqlarına təsir edə biləcəyini düşünərək Azərbaycana qarşı daha sərt siyasi və informasiya ritorikasına üstünlük verir.
Lakin İranın seçdiyi üsul nəticə etibarilə öz maraqlarına da ziddir. Dövlət televiziyasını hədəfə almaq, informasiya məkanında ittihamlar irəli sürmək və Azərbaycana qarşı düşmən obrazı formalaşdırmağa çalışmaq diplomatik dialoqu gücləndirmir, əksinə qarşılıqlı etimadı daha da zəiflədir. Regionda sabitliyə ehtiyacın artdığı və İranın onsuz da təcrid olunduğu bir dövrdə bu cür ritorika konstruktiv siyasətdən daha çox daxili auditoriyaya hesablanmış siyasi mesaj təsiri bağışlayır".
Politoloq qeyd edib ki, Tehranın bu davranışının arxasında bir neçə motiv dayanır:
"Birincisi, İran daxildə iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar və sosial narazılıqlar fonunda xarici təhlükə obrazını qabartmağa çalışır. Belə hallarda xarici aktorların hədəf seçilməsi daxili ictimai diqqətin başqa istiqamətə yönəldilməsi üçün istifadə olunan klassik siyasi vasitələrdən biridir. Azərbaycan da zaman-zaman bu informasiya kampaniyalarının hədəfinə çevrilir.
İkincisi, İran Azərbaycanın artan beynəlxalq nüfuzundan narahatlığını gizlədə bilmir. Bakı həm Orta Dəhliz layihəsində, həm enerji təhlükəsizliyi məsələlərində, həm də Türk dünyasının inteqrasiya prosesində mühüm aktora çevrilib. Bu reallıq fonunda Azərbaycana qarşı ittihamlar irəli sürmək həmin geosiyasi dəyişiklikləri dayandırmır, əksinə İranın regiondakı diplomatik manevr imkanlarını daraldır.
Üçüncüsü, Tehran anlamalıdır ki, müstəqil dövlətin informasiya siyasətinə təzyiq göstərmək və ya onun rəsmi media qurumunu hədəfə almaq beynəlxalq münasibətlərdə qəbul edilən davranış modeli deyil. Əgər İranın hansısa media materialı ilə bağlı narazılığı varsa, bunun yolu siyasi bəyanatlar və ya diplomatik kanallar vasitəsilə mövqeyini ifadə etməkdir. Dövlət institutlarını "düşmən" elan etmək isə emosional və qarşıdurmanı dərinləşdirən yanaşmadır".
Yusif Bağırzadə hesab edir ki, Azərbaycan isə indiyədək İranla münasibətlərdə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinin qorunmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib:
"Azərbaycan İrana humanitar yardım göstərən ilk ölkədir və paralel olaraq disgər ölkələrdən göndərilən humanitar yardımın da İrana çatdırılmasında mühüm rol oynayır. Biz bununla və eləcə də İranla bağlı digər addımlarımızla regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin inkişafında maraqlı olduğumuzu dəfələrlə nümayiş etdirmişik. Məhz buna görə də İranın təxribat xarakterli informasiya ritorikası nə Azərbaycanın regional siyasətini dəyişəcək, nə də onun beynəlxalq tərəfdaşları ilə əməkdaşlığına mane olacaq.
Ümumilikdə isə İranın Azərbaycan Dövlət Televiziyasını "düşmən" kimi təqdim etməsi siyasi baxımdan əsassız, diplomatik baxımdan isə yanlış addımdır. Belə ritorika iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına deyil, qarşılıqlı etimadın daha da zəifləməsinə xidmət edir. Əgər Tehran həqiqətən regionda sabitlik və əməkdaşlıq istəyirsə, təhdid və ittiham dilindən imtina edərək qarşılıqlı hörmətə əsaslanan dialoq yolunu seçməlidir. Əks halda, bu cür sərt bəyanatlar ilk növbədə İranın özünün regional nüfuzuna və diplomatik mövqeyinə zərər vurmaqda davam edəcək".
Süleyman












































