
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri — Təhlükəsizlik Şuralarının katibləri və müvafiq struktur rəhbərləri ilə keçirdiyi görüşdəki çıxışı Türk dünyasının vahid təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət kəsb edir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki,Prezident İlham Əliyev öz çıxışında Türk dövlətləri arasındakı münasibətlərin yalnız coğrafi və ya iqtisadi maraqlara deyil, dərin mənəvi, mədəni və etnik köklərə söykəndiyini vurğulayıb:
"Bütün Türk cümhuriyyətlərinin ortaq vətən anlayışını təcəssüm etdirdiyini bildirən dövlət başçısı, xüsusilə Türkiyə-Azərbaycan müttəfiqliyinin dünya miqyasında analoqu olmayan bir qardaşlıq modeli olduğunu diqqətə çatdırıb.
Qlobal geostrateji gərginliklərin artdığı bir dövrdə Türk dövlətlərinin təhlükəsizlik strukturları arasında sıx əlaqələrin qurulması əsas prioritetlərdən biri kimi göstərilib. Prezident qeyd edib ki, müasir çağırışlara qarşı birgə mübarizə, terrorizm, ekstremizm, kiberdələduzluq və transmilli mütəşəkkil cinayətkarlığa qarşı məlumat mübadiləsinin və operativ əməkdaşlığın gücləndirilməsi vacibdir:
"TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının aparatları arasında müntəzəm məsləhətləşmələrin aparılması və birgə praktiki tədbirlərin keçirilməsi qarşılıqlı etimadı və regionda sabitliyi daha da möhkəmləndirir".
Anar












































