
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənovla görüş keçirilib.
Newscenter.az xəbər verir ki, interaktiv formatda təşkil olunan görüşün əsas məqsədi gənclərin şəhərsalma, memarlıq, dayanıqlı inkişaf və müasir urbanizasiya prosesləri ilə bağlı biliklərinin artırılması, eləcə də son illər bu istiqamətdə ölkəmizdə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumatlandırılması olub.
Görüş zamanı Azər Allahverənov çıxış edərək bildirib ki, beynəlxalq münasibətlər sistemində getdikcə nüfuzu artan Azərbaycan bu gün bir çox dövlətlər üçün etibarlı tərəfdaşdır və qarşılıqlı hörmət prinsiplərinin geniş şəkildə təşviq olunması istiqamətində səylərini əsirgəməyən aktorlar arasında özünəməxsus yer tutur. Bir çox siyasi qütbləri formalaşdırdığı enerji, nəqliyyat-logistika və digər inteqrasiya əlaqələri vasitəsilə yaxınlaşdıran Azərbaycan bu gün bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən COP29, WUF13 və mədəniyyətlərarası dialoq kimi beynəlxalq tədbirləri uğurla həyata keçirməyə müvəffəq olur.
Tədbirin mövzusu ətrafında danışan deputat qeyd edib ki, müasir şəhərsalma yalnız yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu sahə insanların həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması, rəqəmsal texnologiyaların tətbiqi, ictimai məkanların əlçatanlığının artırılması və şəhərlərin gələcək inkişafının strateji planlaşdırılması kimi mühüm istiqamətləri özündə birləşdirir. O qeyd edib ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə inşa olunan müasir yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkənin şəhərsalma siyasətinin innovativ yanaşmalara əsaslandığını nümayiş etdirir.
Deputat vurğulayıb ki, şəhərlərin davamlı inkişafı yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də cəmiyyətin, xüsusilə gənclərin və könüllülərin fəal iştirakı ilə mümkündür. Bu baxımdan ASAN Könüllülərinin ictimai təşəbbüslərə qoşulması, sosial məsuliyyətin formalaşdırılması və vətəndaş fəallığının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində urbanizasiya proseslərinin sosial və iqtisadi inkişafla qarşılıqlı əlaqəsi, şəhər mühitində ekoloji dayanıqlılığın təmin edilməsi, rəqəmsal həllərin tətbiqi, nəqliyyat və kommunal infrastrukturun təkmilləşdirilməsi, eləcə də müasir memarlıq yanaşmalarının şəhərlərin inkişafındakı rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səmimi və açıq dialoq şəraitində keçən görüşdə könüllülər deputata şəhərsalma siyasəti, gənclərin dövlət idarəçiliyində iştirakı, Milli Məclisin fəaliyyəti, ictimai iştirakçılıq mexanizmləri və peşəkar inkişaf imkanları ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Azər Allahverənov sualları ətraflı cavablandıraraq gənclərə daim biliklərini artırmağı, müasir çağırışlara açıq olmağı, ictimai fəallıq nümayiş etdirməyi və ölkənin inkişaf proseslərində aktiv iştirak etməyi tövsiyə edib.
Süleyman












































