Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibədə yeni mərhələ başlayır: Zaman Ukraynanın əleyhinədir

Müharibədə yeni mərhələ başlayır: Zaman Ukraynanın əleyhinədir



ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ukrayna müharibənin yeni mərhələsi ilə üz- üzədir.

Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: “Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynadakı Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə artmayıb, lakin Rusiya ordusu ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”.

ABŞ-nin Ukraynaya 61 milyard dollarlıq yardımı təsdiqləməsi əslində ciddi addımdır. Bu, ən kritik anda atılmış addımdır. Əgər Vaşinqton yardımı bir az da ləngitsə idi, Kiyevin işi daha çətin ola bilərdi. Bu, o deməkdir ki, ABŞ hələ ki, müharibənin davam etməsində maraqlıdır. Əks halda yardımı bir az gecikdirməklə müharibənin Rusiyanın xeyrinə bitməsinə nail ola bilərdi.

Amma əvvəllər də dediyimiz kimi, ABŞ- düşündürən Ukraynanın və ya prezident Volodimir Zelenskinin taleyi də deyil. Əks halda tamam başqa cür davranardı. Hazırkı situasiyada Vaşinqtonu düşündürən yalnız öz maraqlarıdır.

ABŞ institutunun müharibənin yeni mərhələsi ilə bağlı iddiası, çox böyük ehtimalla məhz ayırılan hərbi yardımla bağlıdır. Belə ki, 61 milyard dollar cəbhədə müəyyən dəyişikliklərlə nəticələnə bilər.

Yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Bunun üçün qarşıdakı günlərdə Rusiya ordusunun ciddi hücum əməliyyatları həyata keçirməsi üçün mümkündür. Çünki yardım Ukraynaya çatandan sonra rəsmi Kiyevin müqavimət imkanı güclənəcək.

Yardım Ukraynaya çatandan sonra, yəqin ki, rəsmi Kiyev yeni əks- hücum əməliyyatına başlamağa cəhd edəcək. Bu, təxminən yay aylarına təsadüf edə bilər. İqlim şəraiti də buna iqlim verəcək. Ancaq payız- qışa doğru Ukraynanın silah – sursatı yenidən tükənəcək və vəziyyət növbəti dəfə gərginləşəcək. O zaman ABŞ – da hakimiyyətdə kimin olacağı isə hələ ki, məlum deyil.

Ukrayna üfüqündə hələ ki, sülh görünmür. Çünki tərəflərin konsensus əldə etməsi üçün imkan yoxdur. Və belə bir imkanın yaradılması üçün səy də göstərilmir.

Doğrudur, hər iki tərəf yorulub. Hər iki tərəfin imkanları tükənir. Müharibə həm Rusiyaya, həm də Ukraynaya ziyan vurur. Amma gələcək ssenari Kiyev üçün daha qeyri- müəyyəndir, nəinki Moskva üçün. Çünki Rusiyanın tərəfdaşlarından, o cümlədən İran, Çin və Şimali Koreyadan asılılığı həyati səviyyədə deyil və bu, daha çox iqtisadi sferadadır. Ukrayna isə ABŞ-dan həm hərbi, həm də siyasi baxımdan asılıdır. Bu baxımdan ABŞ “hansı havanı çalsa” Ukrayna da “onu oynamağa” məcburdur.

Kənan Novruzov-politoloq
Xəbəri paylaş