Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaq

Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaq


Bildiyimiz kimi, Şuşa sakinlərinin ilk qrupu artıq öz doğma yurdlarına qayıdıb. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni inşa edilmiş ilk yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçüb. Doğma yurda qayıdan Şuşa şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Şuşalılar bu ilk qayıdışı böyük coşğu ilə qeyd ediblər. Məşhur Cıdır düzündə şənlik təşkil olunub. Şuşa bizim mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməmizin canlı şahididir. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hər birimizin and yerinə çevrilən və hazırda özünün ikinci azadlıq və dirçəliş dövrünü yaşayan Şuşaya ilk köçün baş tutması tarixi hadisədir. İşğaldan azad edilmiş digər yurd yerlərimizə qayıdan soydaşlarımız kimi şuşalıların da üzündəki sevinc, fərəh hissi sözsüz ki, hər birimizi qürurlandırır. Şuşalılar yurdsuzluğun ağrı-acısından qurtulurlar. Buna görə bütün şuşalıları ürəkdən təbrik edirik!

Şuşadan olan keçmiş məcburi köçkünlərin artıq öz evlərinə, yurdlarına qayıtmağa başlaması “Böyük Qayıdış” Proqramının uğurla həyata keçirilməsinin təsdiqidir. Bu Proqram bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Ermənistanın işğalçı siyasətinin nəticəsində tamamilə məhv edilmiş, dağıdılmış Qarabağ və Şərqi Zəngəzur dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində yenidən qurulur və sakinlərin öz yurdlarına qayıdıb xoşbəxt və firavan yaşaması üçün hər bir şərait yaradılır. Prezidentin yenidən qurulmaqda olan ərazilərə müntəzəm səfərləri bu prosesi daha da sürətləndirir. O, hər səfərinin gedişində yenidən qurulacaq qəsəbə və kəndlərin, məktəb və xəstəxanaların təməlini qoyur, elektrik stansiyalarının və yeni yolların, yaşayış komplekslərinin və müəssisələrin açılışını edir, məscidlərin və tarixi məkanların təmir-bərpa işləri ilə yaxından maraqlanır.

Bu dəfə isə dövlət başçısının və Mehriban xanımınn azad edilən ərazilərimizə getməsi olduqca maraqlı bir günə təsadüf etdi. Mayın 10-u Ulu Öndərimiz Heydər Əliyevin doğum günüdür. Prezident İlham Əliyev öz doğum günlərində olduğu kimi Ulu Öndərin doğum günündə də keçmiş məcburi köçkünlərin yanında olmağa, onların sevincinə şərik olmağa qərar verdi. Bu, Ulu Öndərin də ruhunu sevindirəcək bir addımdır. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Şuşa ilə eyni zamanda, Laçının Sus kəndinə də keçmiş məcburi köçkünlərin qayıdışı baş tutdu. İlin sonuna qədər isə ən azı daha 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakı və şəhərə köçmüş ilk sakinlərlə görüşü yaddaqalan hadisələrdən birinə çevrildi. Bu görüş çərçivəsində dövlətimizin başçısı 32 il yurd-yuvalarından ayrı düşmüş sakinlərə mənzillərinin açarlarını təqdim etdi və bu möhtəşəm tarixi qayıdış münasibətilə sakinləri təbrik etdi. Şuşalıların öz yurd-yuvalarına qovuşmaları istiqamətində əlindən gələni əsirgəmədiyini vurğulayan Cənab Prezident bildirdi ki, bu məqsədə çatmaq üçün çox uzun və çətin bir yol qət olunub. Bu gün Şuşaya qayıdışın reallığa çevrilməsində bir sıra amillərin mühüm rol oynadığını diqqətə çatdıran dövlətimizin başçısı həmçinin şəhidlərimizin də ruhuna rəhmət dilədi: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

“Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”,- deyə sözügedən görüşdə Şuşanın azad edilməsinin strateji əhəmiyyətindən danışan dövlətimizin başçısı həmçinin bildirdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir və ordumuz 2020-ci il noyabrın 8-də Şuşanı azad etməklə Ermənistanın belini qırıb. Düşmən məhz bu hadisədən sonra artıq tam olaraq anladı ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atdı.

Şuşalılarla görüşündəki çıxışında dövlətimizin başçısı 44 günlük müharibədə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini və İkinci Qarabağ müharibəsində Qələbə qazanmağımızdan sonra bütün dünyada xalqımıza qarşı rəğbət hissinin daha da artdığını vurğuladı: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.

Həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində baş tutan 23 saatlıq lokal antiterror əməliyyatı zamanı da biz dövlət və millət olaraq öz iradəmizi, birliyimizi ortaya qoyduq və bunun nəticəsində tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Prezidentin qeyd etdiyi kimi biz həmin vaxt dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik.

Hərçənd ki, özünəarxayınlıq və eyforiya nəticəsində reallıq hissini itirən mənfur düşmənimiz nə 44 günlük müharibə zamanı, nədəki antiterror əməliyyatı zamanı düzgün hesablamalar aparmamışdı. Prezidenti İlham Əliyevin də söylədiyi kimi onlar özlərinin uydurduqları miflərə o qədər inanmışdılar ki, hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Və yaxud da ki, 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əməl etməməklə separatçı rejimin ömrünü uzada biləcəklər. Onların arxasında duran havadarları da (o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri də) onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz həm 44 günlük müharibə, həm də antiterror əməliyyatı nəticəsində öz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik və həm Ermənistanın, həm də ona havadarlıq edən dünya güclərinin planlarını alt-üst etdik.

Prezident İlham Əliyev çıxışında həmçinin yaxın keçmişimizə də ekskurs etdi və Şuşanın, Laçının 32 il bundan əvvəl hansı səbəblər üzündən ermənilərin əlinə keçməsi barədə qısaca məlumat verdi. O, qeyd etdi ki, həmin dövrdə Azərbaycanda hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi kimi amillər hökm sürürdü: “Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər”.

Ancaq xalqımız bu acı reallıqla barışmaq istəmədi. Prezidentin də açıqladığı kimi Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ulu Öndər işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətdə əməli işlər görüb: “O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq”.

Şuşa sakinləri ilə söhbəti zamanı dövlətimizin başçısı başqa bir mühüm məqama da toxundu. O, haqlı olaraq bildirdi ki, bu gün Azərbaycan Qafqazın aparıcı dövlətidir və bu reallıqla hər kəs hesablaşmalıdır: “Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır”.

Dövlətimizin başçısı delimitasiya və demarkasiyanın da bizim şərtlərimiz əsasında həyata keçirildiyini bildirdi və qeyd etdi ki, bu, bizim növbəti zəfərimizdir. Heç bir başqa vasitəyə əl atılmadan, güc tətbiq edilmədən, sadəcə rəsmi Bakının tələbi ilə, Azərbaycan Prezidentinin hökmü ilə İrəvanın Qazaxın işğal altında olan dörd anklav kəndini bizə qaytarılması həqiqətən də ciddi diplomatik, siyasi uğurdur.

Prezident çıxışında onu da xüsusi olaraq vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik və bu gün də istəmirik. O, bu müharibənin vaxtilə bizə öz iradəmizin ziddinə olaraq sırındığını bildirdi və torpaqlarımızı ermənilərə vəd edən dövlətlərin və dövlət başçılarının adlarını açıq şəkildə dilə gətirdi: “Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.

İlham Əliyev bu gün Azərbaycana təzyiq göstərən, Ermənistanı isə silahlandırmağa çalışan Fransa kimi qızışdırıcı ölkələrin rəhbərlərinin diqqətinə bir daha çatdırdı ki, bu bölgədə, bu torpaqda söz sahibi bizik və bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır, ona görə də biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq silahlandırılmasına, revanşizmə təhrik edilməsinə əsla göz yummayacağıq: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Beləliklə, dövlətimizin başçısı sonuncu dəfə Fransaya sərt xəbərdarlıq etdi. Bu, Şuşadan edilmiş xəbərdarlıqdır. Ümid edək ki, Fransa prezidenti Emmanuel Makron bu xəbərdarlıqdan düzgün nəticə çıxaracaq və Cənubi Qafqazda “odla oynamaq” siyasətinə son qoyacaq. Əks təqdirdə, bizim nəyə qadir olmağımız və Ordumuzun döyüş qabiliyyəti ortadadır. Biz Ermənistanın revanşizm cəhdlərinə sonsuza qədər dözmək fikrində deyilik. Ona görə də Fransa, Hindistan, İran kimi ölkələr Ermənistanı istər açıq, istərsə də gizli yolla silahlandırmaqdan çəkinməlidirlər.

Bunun əksinə, dövlətimizin başçısı sözügedən ölkələri, Ermənistanın havadarlarını ermənilərin işğal dönəmində həm Şuşanı, həm də digər ərazilərimizi viran qoymalarına, o cümlədən Şuşanı erməniləşdirməyə çalışmalarına diqqət yetirməyə çağırdı: “Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq”.

Lakin bununla yanaşı, Prezident İlham Əliyev ermənilərin 30 il ərzində bütün cəhdlərinə baxmayaraq Şuşanı erməniləşdirə bilmədiklərini də diqqətə çatdırdı: “Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

Bu gün Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Şuşada aparılan abadlıq-quruculuq işlərinin ən önəmli cəhətlərindən biri də ondadır ki, bu proses zamanı şəhərin memarlıq üslubu, özünəməxsusluğu qorunub saxlanır. Prezident də vurğuladı ki, bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa ediləcək. Yeri gəlmişkən, 2021-ci ildə Şuşada birinci yaşayış kompleksinin təməli qoyulub, keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulub. 2024-cü il mayın 10-da - Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin də təməli qoyuldu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onların bir hissəsi artıq hazırdır və mayın 10-da həmin mənzillərin açarları ilk 20 ailəyə təntənəli şəkildə təqdim edildi.

Şuşanın tarixi abidələrinin bərpasına da müharibədən dərhal sonra başlanılıb. Belə ki, Molla Pənah Vaqifin məqbərəsi yenidən qurulub, əzəli görkəminə qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi və Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin də bərpadan sonra açılışı olub. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Həmçinin Çöl Qala məscidində də bərpa işləri başlanılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Eləcə də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub və Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi də hazırda yenidən qurulmaqdadır, bu il hazır olacaq.

Bir sözlə, postmüharibə dövründə Azərbaycan dövləti, Azərbaycan xalqı bir daha öz qurucu xarakterini ortaya qoyaraq azad edilmiş ərazilərdə erməni vandalizminin ağır nəticələrini aradan qaldırmaq üçün bütün gücünü səfərbər edib. Bu sırada Şuşanın dirçəldilməsi də geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Cənab Prezidentin də qürur hissilə söylədiyi kimi elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək və bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş