
Ukraynanın Müstəqillik Günü ilə əlaqədar bir çox ölkələrin dövlət və hökumət başçıları Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərdilər, Ukrayna xalqını təbrik etdilər. Azərbaycan da ötən gün ukraynalıları təbrik edən ilk dövlətlərin sırasında yer aldı, Prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini Müstəqillik Günü münasibətilə təbrik etdi. Dövlətimizin başçısının təbrik məktubunda Azərbaycanın dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəyini xüsusi olaraq vurğulaması bu məktubun həm siyasi, həm də mənəvi əhəmiyyətini daha da artırır.
Cənab Prezident təbrik məktubunda onu da qeyd edib ki, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Dövlətimizin başçısının dəstək və həmrəylik məsələsini ayrıca vurğulaması önəmli məqamlardan biridir. Bəli, Azərbaycan postsovet ölkələri arasında nadir ölkələrdən biridir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk günündən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirib və müharibədən əziyyət çəkən insanların ehtiyaclarını qarşılamaq üçün davamlı humanitar yardımlar göstərib.
Ukrayna xalqına humanitar yardımları davam etdirmək Azərbaycan dövləti və xalqı üçün prioritet istiqamətlərdən birinə çevrilib. Prezident İlham Əliyev Ukraynaya humanitar yardımların davam etdirilməsi məsələsində həmişə prinsipial mövqe nümayiş etdirib. Bu da ilk növbədə ondan irəli gəlir ki, biz daim ədalətin və beynəlxalq hüququn tərəfində dayanmışıq. Eyni zamanda, Azərbaycanın özü də 30 ilə yaxın Ermənistanın işğalçı siyasətinin ağrı-acılarını yaşayan bir ölkə kimi müharibələrdən əziyyət çəkən ölkələrə dəstək verməyi mənəvi borc hesab edir. Bu mənada, Azərbaycanın haqqın yanında dayanması və Ukraynaya yardımları davam etdirməsi təbiidir.
Azərbaycanın dəstəyini və ədalətli mövqeyini Ukrayna rəhbərliyi də, sıravi ukraynalılar da təqdirlə qarşılayır, yüksək qiymətləndirirlər. Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinə göstərilən dəstəyə görə ötən gün Azərbaycana təşəkkür etməsi də məhz bu şükranlıq hissindən irəli gəlir. "X" sosial şəbəkəsindəki hesabında paylaşım edən Ukrayna lideri Azərbaycan Prezidenti İlham Əliyevin 24 Avqust - Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və eləcə də onun Ukrayna dövlətinə, Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirdiyini vurğulayıb. Zelenski, həmçinin humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarlığını bildirib.
Rusiyanın işğalçı siyasətinə və keçmiş SSRİ imperiyasını bərpa etmək planına qarşı qarşı qətiyyətlə mübarizə aparan qəhrəman Ukrayna xalqı və dövlətini dəstəkləmək əslində bütün postsovet ölkələrinin mənəvi borcudur. Bu kontekstdə Azərbaycan Ukraynaya humanitar yardımları davam etdirməklə bütün postsovet ölkələrinə nümunə göstərir. Çünki işğalçı və neoimperialist siyasət yürüdən Rusiyanı yalnız birgə səylər əsasında dayandırmaq mümkündür. Şər üzərində böyük Qələbənin yolu birlik və həmrəylikdən keçir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və digər ölkələrin suverenliyini sıx dəstəkləməsi bütün azadlıqsevər xalqlar üçün layiqli nümunədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri