
Vadim Əbdürrəhmanov: "Azad Seyidov və onun fırıldaqçı şəbəkəsi barədə zamanında Diasporla İş üzrə Dövlət Komitəsinə düzgün məlumat verilməyib"
Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri Vadim Əbdürrəhmanov Newscenter.az-a müsahibə verib.
-Vadim bəy, Azərbaycan Xalqlarının Assambleyası nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-Azərbaycan Xalqlarının Assambleyasının yaradılması təşəbbüsü çoxdan var idi. Çünki diaspor təşkilatları Rusiyada yaşayan digər xalqların nümayəndələri ilə işləmirdilər. Məsələn ləzgilər, xüsusilə də Qusar və Xaçmazdan olanlar adətən Dağıstan diasporu ilə işləyirdi. Eləcə də Balakən, Zaqatala və Qax zonasından olanlar da Dağıstan diasporu ilə işləməyə üstünlük verirdilər. Bütün bunları nəzərə alaraq biz Azərbaycan Xalqlarının Assambleyasını yaratdıq. Bizim təşkilatda hər bir xalqın nümayəndəsi var. Təşkilatımızın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, hər hansı bir məsələ ilə bağlı qərar verərkən səsvermə təşkil olunur və səsvermədə Assambleyada təmsil olunan hər bir xalqın nümayəndəsi iştirak edir. Keçmiş Azərbaycan diasporundan fərqli olaraq qərar təkbaşına, yalnız sədr tərəfindən verilmir. Eyni zamanda digər diaspor təşkilatları ilə də əlaqədə oluruq və onlarla bir sıra istiqamətlərdə əməkdaşlıq qururuq. Bəzi təşkilatlar bizimlə əməkdaşlıq edir, bəziləri isə öz mənafelərini güdərək bizimlə əməkdaşlıqdan yayınırlar. Onlar yerli idarəetmə qurumları ilə əlaqə yaradaraq yalnız öz bizneslərini inkişaf etdirməyə çalışırlar. Mənim, eləcə də təşkilatda təmsil olunan insanların 90 faizinin biznesi yoxdur. Biz sadə əməkçi, fəhlə adamlarıq. Hətta mən təqaüdçüyəm. Onu da deyim ki, mən 15 ildir ki, həm də siyasətlə məşğul oluram. Siyasətlə məşğul olduğum 15 il müddətində Xanti-Mansinski Muxtar Vilayətinin parlamentində deputat köməkçisi olmuşam. Deputat köməkçisi olduğum müddətdə də hər zaman azərbaycanlılara bacardığım qədər köməklik göstərmişəm.
-Yəqin ki, təşkilatınız rəsmi olaraq Rusiyanın müvafiq qurumları tərəfindən dövlət qeydiyyatına alınıb
-Bəli. Bu ilin may ayında bizim təşkilat dövlət qeydiyyatından keçdi. Bunun üçün bir neçə dəfə toplantılarımız oldu.
-Yaşadığınız vilayətdə azərbaycanlıların bir qayda olaraq üzləşdikləri problemlər hansılardır?
-Azərbaycanlılar daha çox hüquqlarının pozulmasından şikayət edirlər. Bir qayda olaraq azərbaycanlılar diaspor təşkilatlarına bu barədə şikayət edirlər. Diaspor təşkilatları isə bir qayda olaraq onların müraciətlərini qulaqardına vurub. Biz isə həmin insanlara pulsuz dəstək oluruq. Təşkilatımızda bir çox hüquqşünas var ki, onlar hüquqi prosedurlar zamanı həmin şəxslərə yardım edirlər.
-Sizin təşkilat olaraq fəaliyyətinizə Rusiyadakı Azərbaycan səfirliyi, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin münasibəti necədir? Onlar sizinlə əməkdaşlıq etməyə maraqlı görünürlərmi?
-Biz bununla bağlı hər iki adını çəkdiyiniz quruma məktubla müraciət etmişik. Təəsüüflər olsun ki, səfirliyimizdən hələ də cavab almamışıq. Artıq 3 ay tamam olur ki, biz Azərbaycanın Rusiyadakı səfirliyinə məktubla müraciət etmişik. Eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi də məktubumuza cavab vermədi. Sonda Azərbaycanda olduğum müddətdə məcburiyyət qarşısında qalaraq adı çəkilən Dövlət Komitəsi ilə əlaqə saxlayaraq onlarla görüşmək istədiyimi bildirdim. Mən Komitə sədri Fuad Muradovla görüşmək istəsəm də, lakin o ezamiyyətdə olduğu üçün Komitənin Rusiya şöbəsinin bir əməkdaşı ilə görüşdüm. Düzdür, yaxşı qarşılasalar da, lakin gözlərindən bizim fəaliyyətimizdən o qədər də razı qalmadıqlarını oxudum. Mən onların səmimi olmadığını hiss etdim. Çünki keçmiş diaspor təşkilatı rəhbərliyini neqativ hərəkətlərinə görə zaman-zaman tənqid edirəm, qınayıram. Surqutdakı Azərbaycan diaspor təşkilatının sədri Azad Seyidov fırıldaqçı, dələduz idi. O ayrı-ayrı şəxslərə 7 milyon manata qədər fırıldaqçılıq edib, onların etibarından sui-istifadə edərək pullarını mənimsəyib. Azad Seyidovun fırıldaqçılığından əziyyət çəkən insanların da 80-85 faizi məhz azərbaycanlılardır. Təəssüflər olsun ki, belə bir fırıldaqçı şəxsi də Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatının sədri kimi tanıyıb, ona legitimlik verib. Azad Seyidov Surqutda kriminal aləmin nümayəndəsi kimi tanınır. O dələduzluq yolu ilə Surqutda ələ keçirdiyi bazardan hər ay 5 milyon rubl gəlir götürürdü. Onun bazara rəhbərlik etdiyi dövrdə orada dəfələrlə ölüm hadisəsi baş verib. Hətta bazardan raket qurğuları tapıldı. Həmçinin, ekstremizmə çağırış elementləri olan ədəbiyyat aşkar edildi. Onu da deyim ki, həmin kriminal dəstə məni aradan götürmək üçün killer də tutmuşdu. Məni aradan götürmək üçün həyatıma qəsd etməyə çalışsalar da, güllə yan keçdi və mənə dəymədi. Mənə atəş açan killeri müəyyən etdik və ona cinayət işi açıldı, Surqutdan kənara çıxmamaq tövsiyə olundu. Lakin Azərbaycan diasporu həmin şəxsi hansısa yolla oradan çıxararaq Azərbaycana gətirib burada gizlətdi. Məqsəd də cinayətin üstünün açılmaması idi. Baş vermiş hadisəyə görə məhkəmədən ədalət tələb etməklə istədiyimizə qismən nail olduq. Hazırda şəhərin meri, qubernatorun müavini, eləcə də digər səlahiyyətli şəxslər həbsdədirlər. Onlara himayədarlıq edən FSB generalı isə təqaüdə göndərildi. Mən bütün baş verənlər barədə Diasporla İş üzrə Dövlət Komitəsində məlumat verdikdən sonra təəssüf doğuran bir cavab aldım. Komitədə mənə bildirdilər ki, bizi Azad Seyidov qane edirdi. Hesab edirəm ki, Azad Seyidov və onun fırıldaqçı şəbəkəsi barədə zamanında Diasporla İş üzrə Dövlət Komitəsinə düzgün məlumat verilməyib. Bir məqamı da qeyd edim ki, Azad Seyidovun müavini olan Amil Abbasov da fırıldaqçılıqla məşğul olub. Onun da təxminən 20 milyon rubla qədər ayrı-ayrı şəxslərə borcu var. Müxtəlif insanlardan külli miqdarda pul alaraq onların hüquqi işlərini görəcəyini deyib, lakin son nəticədə heç bir iş görməyib və insanların pulunu mənimsəyib.
Ardı var
Süleyman İsmayılbəyli