Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin və onlara havadarlıq edənlərin Prezidentin mesajlarından hansı nəticə çıxaracağını zaman göstərəcək

Ermənilərin və onlara havadarlıq edənlərin Prezidentin mesajlarından hansı nəticə çıxaracağını zaman göstərəcək


Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Zəfər parkının açılışında xalqa müraciətində səsləndirdiyi fikirlər İkinci Qarabağ savaşındakı tarixi qələbəmizdən keçən 4 il ərzində ölkəmizin keçdiyi yolla bağlı ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətli oldu.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir deyən ölkə başçısı istər Birinci, istərsə də İkinci Qarabağ savaşında və eləcə də antiterror əməliyyatları şəhidlərinin qanını döyüş meydanında aldığımızı, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdiyimizi bir daha hər kəsə xatırlatmış oldu.

Qırx dörd günlük savaşda bütün çətinliklərə baxmayaraq daim irəli gedən ordumuz qısa vaxt ərzində 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etməyi bacardı. Bununla da ordumuzun gücü, hərbçilərimizin peşəkarlığı, fədakarlığı, xalqımızın mübarizə əzmi bütün dünyaya nümayiş etdirilmiş oldu.

Prezident tamamilə haqlı olaraq qeyd erdi ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Həqiqətən də Ermənistanın arxasında duran bir çox dövlətlərin bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə etməsinə baxmayaraq hər birimizdə torpaqlarımızın işğaldan azad olunacağına bir inam var idi və bu inam heç bir zaman yox olmadı. Cənab Prezidentin də qeyd etdiyi kimi beynəlxaq təşkilatların, ATƏT-in Minsk Qrupunun həmsədri olan böyük dövlətlərin münaqişənin hərbi həllinin olmadığı barədə davamlı bəyanatlarına baxmayaraq biz yolumuzdan dönmədik. Cənab Prezident hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilərkən bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və belə də oldu. Bütün dünya, hər kəs Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin danışıqlar mövzusu olmayacağını gördü.

Ölkə başçısı xalqa müraciətində bir daha 30 illik işğal dövründə baş verənləri gələcək nəsillərin unutmamasının vacibliyinə diqqət yönəltdi. Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsini indiki nəsil heç vaxt unutmadığı kimi gələcək nəsillərin də bu tarixi bilməsi və unutmaması lazımdır.

Cənab Prezident Ermnistanın kapitulyasiya aktını imzalamağa məcbur olması və müharibəni dayandırmağımızın şərtləri barədə də ətraflı danışdı və bildirdi ki, bugünkü reallıq və uğurlarımız həmin vaxt müharibəni dayandırmağımızın nə qədər düzgün addım olduğunu sübut etdi.

Həqiətən də yenidən şəhidlər vermədən, bir güllə atılmadan belə Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi olduqca mühüm uğur idi. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimizi təmin etdik və ən nəhayət 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı ilə ərazilərimizdəki separatçıların kökünü kəsməyə müvəffəq olduq.

Ölkə başçısı çıxışında Ermənistana və onların havadarlarına da konkret mesajlar ünvanladı. Vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələrin, bəzi Qərb paytaxtlarında oturan islamofob və azərbaycanofobların Ermənistanı yeni müharibəyə təhrik etməsindən danışan president bunun Ermənistan dövləti üçün faciə ilə nəticələnə biləcəyini bildirdi.

Prezident ayrı-ayrı dairələri nə qədər ki, gec deyil, Ermənistanı silahlandırma siyasətindən əl çəkməyə çağırdı. Prezident bir daha bəyan etdi ki, heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etmədiyi kimi, bundan sonra da bizi öz yolumuzdan döndərə bilməz.
Ermənilərin və eləcə də onlara havadarlıq edənlərin cənab Prezidentin mesajlarından hansı nəticə çıxaracağını təbii ki, zaman göstərəcək. Amma bir şey dəqiqdir ki, onların hansı nəticə çıxarmasından asılı olmayaraq biz istənilən təxribata da, üzərimizdə oynanılmaq istəyən oyunlara da hazırıq və istənilən təhlükəni dəf etmək üçün iradəyə də, qətiyyətə də, əzmə də, gücə də malikik.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş