Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkian niyə məsud etmədi? -VAQİF ABDULLAYEV YAZIR

Pezeşkian niyə məsud etmədi?


İran prezidenti Məsud Pezeşkian bir ay əvvəl COP29 sammitində iştirak edəcəyini bəyan etsə də Bakıya gəlmədi. O, bunun səbəbini İsrail prezidenti İshak Hersoqun Azərbaycana gözlənilən səfəri ilə əlaqələndirib.

Sözsüz ki, bu arqument İran Prezidentinin sammitdə iştirakdan imtina etməsinə əsas vermir.

Əvvəla, COP29 BMT-nin mötəbər qlobal sammitidir, dünyanın 10-larla ölkəsi arasında müxtəlif siyasi ixtilaflar var, ancaq onlar beynəlxalq tədbirlərdə, o cümlədən Bakı İqlim toplantısında eyni salonda əyləşirlər.

Sammitin hansı ölkədə keçirilib-keçirilməməsindən asılı olmayaraq, siyasi liderlər öz aralarındakı siyasi problemləri kənara qoyub beynəlxalq iqlim ailəsinə və tədbirə ev sahibliyi edən dövlətə hörmət əlaməti olaraq dəvəti yerə salmırlar.
Beynəlxalq praktikada dəvətdən imtina və buna oxşar hallar adətən qeyri-etik siyasi davranış kimi qiymətləndirilir.

Bir məqamı da xatırlatmaq yerinə düşərdi, bir ay əvvəl İsrailin baş naziri Netanyahunun da iştirak etdiyi BMT-nin Baş Assambleyasının iclasına Pezeşkian böyük bir nümayəndə heyəti ilə qatılmışdı və bu fakt da təsdiq edir ki, İsrail mövzusu bəhanədir.

Sual olunur, əgər COP29 Ermənistanda keçirilsəydi və İsrailin dövlət başçısı tədbirdə iştirak etsəydi, İran prezidenti eyni addımı atardımı?

Əlbəttə, Məsud Pezeşkianın bu hərəkəti Azərbaycan cəmiyyətində heç də yaxşı təsir bağışlamadı. Biz sanki səbirsizliklə Məsudun gəlməsini gözləyirdik. Axı Pezeşkian nə Fransanın prezidenti, nə də Ermənitanın baş naziri deyil.

Ölkəsində misligörünməmiş təbii fəlakətlər baş vermiş və bu gün hələ də fəlakətlərin nəticələri aradan qalxmayan İspaniyanın baş naziri çətin günlərində vaxt tapıb gələ bilir, ancaq İran prezidenti sərhədin o üzündən bura keçə bilmir.

Pezeşkian bu siyasi qərarı ilə İranda yaşayan soydaşlarımızda da şübhə və ümidsizliyə səbəb olur. 5 ay əvvəl seçki dövründə “Mən türk kimliyimlə fəxr edirəm” deyən Pezeşkiana 40 milyon İran türkü etimad göstərəndə ona məhz milli kimliyinə görə, səs verdi. Onlar Azərbaycanla əvvəlki soyuq əlaqələrin aradan qalxacağına, əsil dostluğun yaranacağına ümid edirlər. Çünki, Məsud bəy özü azərbaycanlılara bunu söyləyib, onların istək və arzularını yerinə yetirəcəyini özü vəd edib.

Təəssüf ki, prezident postuna seçildiyi ötən 4 ay ərzində Pezeşkian İran-Azərbaycan münasibətlərində irəliyə doğru heç bir addım atmayıb. Ancaq biz Tehranın Ermənistanla daha yaxın siyasi kursunu müşahidə edirik, ötən ay Nikol Paşinyanla görüşən İran prezidenti hətta əlaqələri gücləndirəcəyini söylədi.

Sözsüz ki, biz İranın daxili işlərinə qarışa bilmərik, ancaq Azərbaycan səmimi və dürüst siyasətin sadiq olduğu kimi qarşı tərəfdən də bunu gözləyir.

Ona görə də, Pezeşkian bu məsələlərdə çox diqqətli olmalıdır, bu gün bir söz verib, sabah başqa söz demək, xalqlarımızı Məsud etmir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş