Ermənistanın COP29-da iştirak etməməsi rəsmi Bakının problem deyil. Bu məsələ Ermənistan tərəfini düşündürməli və narahat etməlidir. Baxmayaraq ki, qarşı tərəfin işğalçılıq siyasəti üzündən iki ölkə arasında uzun illərdir ki rəsmi diplomatik əlaqələr yoxdur, lakin Azərbaycan BMT-nin şəffaflıq və inklüzivlik prinsiplərinə sadiq qalaraq Ermənistanı da bu mötəbər iqlim sammitinə dəvət etmişdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev də COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə bu məqama aydınlıq gətirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib, lakin bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistan hakimiyyətinin öz qərarından asılıdır.
Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsi rəsmi İrəvanın iç üzünü açır və bir daha onun səmimiyyətsizliyini ortaya qoyur. Görünən budur ki, Ermənistana COP29-da iştirak etməyə ağaları icazə verməyib. Təbii ki, burada söhbət ilk növbədə Fransadan və Avropa İttifaqının (Aİ) ermənipərəst rəhbərliyindən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan bilavasitə Fransa prezidenti Emmanuel Makrondan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borreldən aldıqları məkrli göstərişlər, direktivlər əsasında hərəkət edirlər.
Ermənistan rəhbərliyinin müstəqil siyasət yürütməməsi sülh sazişi üzrə danışıqlar prosesini də zərbə altında qoyur. COP29-a qatılmağa cəsarəti və siyasi iradəsi çatmayan Ermənistan sülh prosesində də qətiyyətsizlik göstərir. Rəsmi İrəvan Bayden administrasiyasının dəstəyi ilə COP29 tədbirindən Azərbaycan və Ermənistan arasında tələm-tələsik, yarımçıq sülh müqaviləsinin bağlanması üçün fürsət kimi istifadə etməyə çalışırdı. Lakin Azərbaycanın “yarımçıq sülh” konseptinə neqativ münasibəti Ermənistan tərəfinin planlarını pozdu. Azərbaycan tam və dayanıqlı sülhün tərəfdarıdır. Və son bir ildə məhz Azərbaycan tərəfinin ardıcıl, qətiyyətli mövqeyi sayəsində Ermənistanla Azərbaycan arasında fəal danışıqlar aparılıb, ciddi irəliləyişlər əldə edilib, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində mühüm addımlar atılıb.
Lakin qarşıda görüləcək hələ çox iş var. Təəssüf ki, erməni tərəfi rəsmi Bakının sülh müqaviləsinin mətni ilə bağlı təkliflərinə vaxtında cavab vermir. Həmçinin Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbimiz də yerinə yetirilməmiş qalır. Bir sözlə, İrəvan süni surətdə prosesi yubadır. Beləliklə, bu cür süni gecikdirmə kontekstində Cənubi Qfqazda sülh və sabitliyin bərqərar olması da gecikir. Bu isə Ermənistanın özü üçün zərərli olsa da, lakin onun havadarlarının bölgədəki geosiyasi maraqlarına cavab verir. Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsi isə bu ölkənin saxta “sülh göyərçini” obrazını da alt-üst etdi. COP29-a qatılmaq Ermənistanın gerçək sülhdə maraqlı olduğunu təsdiqləyə bilərdi. Lakin Ermənistan bu fürsətdən istifadə etməyi bacarmadı. Azərbaycan isə öz mövqelərini daha da gücləndirmək imkanı qazandı. COP29-dan sonra sülh danışıqlarının yeni mərhələsinə də məhz Azərbaycanın diktəsi ilə start veriləcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri