Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ermənistanla normallaşma və sülh istiqamətində davamlı addımlar atır

Bakı Ermənistanla normallaşma və sülh istiqamətində davamlı addımlar atır


Rəsmi Bakı Ermənistanla normallaşma və sülh istiqamətində davamlı addımlar atır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Ermənistana yükdaşıma-tranzit xətlərinin açılmasının ardınca, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının (QHT) bir qrup nümayəndəsinin Ermənistana səfər etməsi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir. Bu səfəri zəruri edən başlıca amil budur ki, Vaşinqton razılaşmalarından sonra bölgədə yaranan konstruktiv atmosfer fonunda Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarının təkcə diplomatik səviyyədə deyil, ictimai müstəvidə də dəstəklənməsinə ciddi ehtiyac duyulurdu.

Ona görə də, Azərbaycanın QHT nümayəndələrinin Ermənistana getməsi Bakının real sülhə ən önəmli töhfələrindən biri sayılır. Sülh, dialoq, mədəni əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik istiqamətlərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan QHT-ləri ilə "xalq diplomatiyası" və ya “yumşaq diplomatiya” kontekstində təmaslar qurması, müzakirələr aparması yekun sülh danışıqlarını dəstəkləmək və hər iki ölkənin ictimai rəyində qarşılıqlı etimad ab-havası yaratmaq baxımından olduqca vacibdir.

Bu cür görüşlər sülh üçün intellektual və mənəvi zəmin yaradır, xüsusən də Ermənistan cəmiyyətində Azərbaycanla bağlı mənfi stereotiplərin aradan qaldırılmasına dəstək verir. Eyni zamanda, irqçilik və faşizm yuvasına çevrilmiş Erməni Apostol Kilsəsinin, eləcə də Robert Köçəryan və Serj Sərkisyan kimi müharibə canilərinin rəhbərlik etdiyi radikal müxalifət qüvvələrinin sülhün əleyhinə apardıqları əks təbliğat və siyasi manipulyasiyalar bu cür səfərlər nəticəsində neytrallaşdırılır, rusiyapərəst dairələrin revanşizmi körükləməsinin qarşısı alınır. İki ölkə arasında sülhün təmin olunması üçün heç bir vasitəçinin iştirakı olmadan atılan bu cür qarşılıqlı addımlar həm də Rusiyanın Cənubi Qafqazdakı destruktiv mövqeyinin və sülhə mane olmaq cəhdlərinin əngəllənməsi baxımından önəmlidir.

İndi Bakı və İrəvan arasında artıq bütün işlər ikitərəfli qaydada aparılır. Bu gün Azərbaycan və Ermənistanın heç bir kənar aktorun vasitəçiliyinə ehtiyacları yoxdur. Bizim QHT-lərin nümayəndələrinin İrəvana səfərinin nəticələri də bir daha göstərdi ki, vətəndaş cəmiyyətlərinin sülh prosesinə cəlb edilməsi düzgün və səmərəli addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh istiqamətində əldə olunmuş son nailiyyətləri möhkəmləndirmək və xalqları sülhə hazırlamaq baxımından bu cür addımların atılması labüddür. Ona görə də biz bu cür səfərlərin təşkilinə normal yanaşmalıyıq. Qanlı savaşlar səhifəsi artıq həmişəlik bağlanmalıdır. Azərbaycan və Ermənistan böyük güclərin Cənubi Qafqazda "parçala və hökm sür" siyasətlərinə son qoymağı bacaracaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş