
“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi uğurlardan biri də Qubadlının işğaldan azad edilməsi oldu. Azərbaycan Ordusu Qubadlını işğaldan azad etməklə müharibənin gedişində əlavə siyasi və hərbi üstünlüklər əldə etdi. Ümumən götürəndə Qubadlının işğaldan azad edilməsinin siyasi və hərbi əhəmiyyəti çox böyük idi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Qubadlının işğaldan azad edilməsi II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi mühüm qələbələrdən biri kimi tarixə düşdü:
“Qubadlı rayonunun azad olunması ilə Azərbaycan Ordusu Laçın və Zəngilan istiqamətində mühüm yüksəkliklərə nəzarət imkanı qazandı. Qubadlının yerləşdiyi ərazi Ermənistanla sərhədə yaxın olduğuna görə, bu bölgənin azad edilməsi Laçın dəhlizi istiqamətində növbəti əməliyyatlara yol açdı”.
Qubadlının azad edilməsindən öncə Füzuli, Zəngilan və Cəbrayılın işğaldan azad edildiyini xatırladan millət vəkilinin sözlərinə görə, Qubadlının azad olunması əməliyyat zəncirinin növbəti həlqəsi, cənub cəbhəsində ardıcıl hərbi üstünlüyün davamı etməsi idi:
“Beləliklə, Qubadlının alınması Laçın, Kəlbəcər və Şuşa istiqamətində hücum əməliyyatlarının uğurla həyata keçirilməsinə şərait yaratdı”.
İlham Məmmədov onu da deyib ki, Qubadlının azad edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına doğru daha bir addım idi. Deputat hesab edir ki, bu, həm də BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində faktiki nəticə idi:
“Bu hadisə eyni zamanda Ordunun gücünü, xalqın birliyini və dövlətin diplomatik qətiyyətini göstərən mühüm tarixi dönüş nöqtəsi idi”.
İşğaldan azad edildikdən sonra digər şəhər və rayonlarda həyata keçirilən quruculuq-abadlıq işləri kimi Qubadlıda da genişmiqyaslı infrastruktur layihələrinin gerçəkləşdirildiyini deyən millət vəkili, “Bu gün Qubadlı yenidən qurulur, rayona yeni nəfəs gəlir. İşğal dövründə erməni vandalizminin qurbanına çevrilən Qubadlı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərinin qoyulması Azərbaycanın bu dilbər guşəsinə həyatın tezliklə qayıdacağının rəmzidir”,-deyə vurğulayıb.
Süleyman











































