Müasir Azərbaycan dövlətinin qurucusu, öz əməlləri ilə xalqımızın qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Xatirəsini daim böyük ehtiramla andığımız, barəsində həmişə qürurla söz açdığımız bu böyük şəxsiyyətlə bağlı zaman keçdikcə daha çox danışmağa ehtiyac duyuruq.
Çünki geridə qoyduğumuz hər il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız saysız-hesabsız nailiyyətlər bizə Heydər Əliyevin barəsində bəhs etmək üçün yeni-yeni mövzular verir. Dövlətimizin, xalqımızın hər bir uğurunun təməlində Ulu Öndər Heydər Əliyevin yolunun davam etdirilməsi, ideyalarının yaşadılması dayanır.
Heydər Əliyev elə bir zirvədir ki, onun ucalığından Azərbaycanın dünəni, bu günü və sabahı aydın görünür. Azərbaycanın son 55 illik tarixinin böyük bir zaman kəsiyi bu dahi insanın adı, əməlləri və ideyaları ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin və siyasi fəaliyyətinin bütün dövrlərində respublikamızın taleyində böyük rol oynayan tarixi missiyalar yerinə yetirib. Ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş sovetlər ittifaqının qabaqcıl dövlətləri cərgəsinə çıxaran Heydər Əliyev, daha sonra milli müstəqilliyimiz uğrunda mübarizəyə özünün layiqli töhfələrini verib. 1990-cı ildə Naxçıvana qayıtmaqla, onu işğaldan qoruyan Heydər Əliyev 1993-cü ildə müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib, əməlləri ilə xalqımızın Ümummilli Lideri adını alıb.
Heydər Əliyevin müəllifliyi ilə ölkəmizin çağdaş tarixinin qürurdoğuran səhifələri yazılıb. Onun ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək.
Heydər Əliyev Azərbaycanı zirvələrdə görmək istəyirdi. Ulu Öndərin respublikamızın yüksəlişi ilə bağlı arzuları çox idi və o, Azərbaycanın qarşıda dayanan bütün hədəflərə çatacağına əmin idi, buna inanırdı.
Ömür vəfa etməsə də, Heydər Əliyevin arzuları həyata vəsiqə alır və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksələn Azərbaycan öz uğurları ilə Ulu Öndərin arzularının gerçəkləşməsini təcəssüm etdirir. 2003-cü ildən bəri ölkədə çoxlu mütərəqqi dəyişiklik baş verib. Respublikamız inkişaf edib, beynəlxalq birlikdəki mövqelərini daha da gücləndirib, regionda və dünyada söz sahibinə çevrilib. Çox uzağa getmədən, elə bu günlərdə Milli Məclisin iclaslarında müzakirə olunan 2025-ci ilin dövlət büdcəsinin göstəricilərinə nəzər salmaqla respublikamızın nə qədər irəli getdiyini görə bilərik. 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat səviyyəsində olmuşdur. Gələn ilə isə büdcəmizin gəlirləri artıq 40 milyard manata yaxın olacaq. Bu isə 33 dəfədən çox artım deməkdir. Yalnız bir makroiqtisadi göstəricinin fonunda keçdiyimiz inkişaf yolu aydın görünməkdədir.
Ulu Öndərin arzularının layiqincə reallaşdırıldığını göstərən əsas uğurlardan biri onun müəllifi olduğu enerji siyasətinin təntənəsidir. Heydər Əliyevin müəyyən etdiyi enerji siyasətinin layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan regionun və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib. Ulu Öndərin 2002-ci il sentyabrın 18-də təməlini qoyduğu və Prezident İlham Əliyevin qətiyyəti ilə qısa müddətdə tikintisi başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycan qazını tarixdə ilk dəfə olaraq Avropa bazarlarına çatdıran "Cənub qaz dəhlizi" məhz Ulu Öndərin arzularının ifadəsinə çevrilən tarixi nailiyyətlərimizdir.
Heydər Əliyevin ən böyük arzusu isə, əlbəttə ki, işğal olunmuş ərazilərimizin azad edilməsi idi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Ulu Öndər bu taleyüklü problemin həlli üçün var gücü ilə çalışdı. Onu da unutmamalıyıq ki, o dövrdə Azərbaycan iqtisadi baxımdan indiki qədər qüdrətli deyildi, enerji layihələrimiz hələ işə salınmamışdı. Ordumuz indiki kimi ən müasir döyüş imkanlarına malik deyildi. Buna baxmayaraq, məhz Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti ilə hələ ötən əsrin 90-cı illərindən Dağlıq Qarabağ probleminin Azərbaycanın milli maraqlarına cavab verən hüquqi əsaslar, müəyyən edilmişdi. 1996-cı ilin dekabrında keçirilmiş ATƏT-in Lissabon Sammitində 53 Avropa dövlətinin dəstəklədiyi prinsiplərdə Dağlıq Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli öz əksini tapmışdı. Yalnız Ermənistan bu prinsiplərə qarşı çıxmışdı.
O illərdə aparılan danışıqlarda Azərbaycanın milli maraqlarından bir addım belə geri çəkilməyən, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılması ilə bağlı Qərbin ermənipərəst siyasi dairələrinin təzyiqlərini qətiyyətlə dəf edən Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdı. Ulu Öndər bu inamını ayrı-ayrı vaxtlarda məcburi köçkünlərlə keçirdiyi görüşlərdə də ifadə edirdi. "Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik", - deyə Heydər Əliyev 1998-ci il martın 20-də Mərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərlə görüşündə bildirmişdi.
Cənab Prezident İlham Əliyev müdrik rəhbərliyi və siyasi qətiyyəti ilə Ulu Öndərin bu arzusunu, inamını və həm də vəsiyyətini yerinə yetirdi. Azərbaycanı inkişaf yoluna çıxaran möhtərəm İlham Əliyev həm də torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Dövlətimizin başçısı tarixi bir missiyanı siyasi lider və sərkərdə qətiyyəti ilə yerinə yetirdi, Müzəffər Ali Baş Komandana çevrildi.
Azərbaycanın bütün bunların fonunda Heydər Əliyev siyasi yolunun ən doğru yol olması həqiqəti bir daha öz təsdiqini tapdı. Qüdrətli və qalib dövlətin vətəndaşı olmağımız hər birimiz üçün böyük fəxarətdir. Ona görə anım günündə Ulu Öndərin əziz xatirəsini həm də böyük qürurla anırıq. İşğaldan azad edilmiş ərazilərimizin bərpasının və Qərbi Azərbaycana qayıdış ideyasının fonunda respublikamızı qarşıda yeni uğurlar və yeni milli hədəflər gözləyir. Bütün bunlara gedən yolda Heydər Əliyevin ideyaları hər zaman əsas istinad mənbəyimiz olacaq.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı