Son illərdə Azərbaycana gələn ünlülərin sayı çoxalıb. Müxtəlif sahələrdə ulduz olan şəxslərin ölkəmizə səfərləri təşkil edilir. Cəmiyyətdə bu addım müsbət qarşılansa da, lakin bu səfərlərdən daha səmərəli istifadə edilməsini də təklif edənlər yox deyil.
Newscenter.az-ın xəbərinə görə, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Tural Əfəndi bununla bağlı maraqlı təklif edib. O bildirib ki, Azərbaycana səfər edən ulduzlar Bakıdan gedəndən sonra ölkəmizlə bağlı ən azı bir müsbət mənalı post paylaşsınlar:
"Messinin sadəcə Instagram'da 500 milyondan artıq izləyicisi var. Digər futbolçuların da on, yüz milyonlarla izləyicisi mövcuddur. Bu adamların Azərbaycana gətirilməsi təbii ki, müəyyən vəsait hesabına başa gəlir. Olsun, burada pis heç nə yoxdur. Sadəcə onları buraya gətirərkən daha artıq vəsait xərcləmək bahasına belə olsa, ən azı 1 post paylaşımı etdirmək lazımdır. Bu ölkənin tanıdılmasında, turist cəlb edilməsində çox faydalı olacaq".
Süleyman