Hesablama Palatası işğaldan azad edilmiş ərazilərdə pre-auditlər həyata keçirir.
Newscenter.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
"Ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən işğaldan azad edilmiş ərazilərdə olduqca böyük işlər görülür. Bu sahələrdə Palata olaraq bəzi pre-auditləri həyata keçiririk. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit prinsiplərində qeyd olunan məqamlar nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, əvvəlki il olduğu kimi, ötən ilin İş Planında da işğaldan azad edilmş ərazilərdə bərpa və yenidənqurma ilə bağlı məsələlərin auditi yer alıb: "Başa çatdırdığımız auditlər zamanı bəzi təkliflərlə də çıxış etmişik. Hesab edirik ki, bu təkliflərin bəziləri dövlət vəsaitinə qənaəti də formalaşdıra bilər. Məsələn, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşdirilməsi üçün ayrılan xərclərin optimallaşdırılması, layihə sənədlərindəki iş həcmlərinin faktiki tələbatla uyğunlaşdırılması, tələbatdan artıq güclərin yaradılmaması və s. bunlara aid ola bilər".