Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz bütün hallarda öz haqqımızı müdafiə etməyi bacarırıq

Biz bütün hallarda öz haqqımızı müdafiə etməyi bacarırıq


Ümumilli əhəmiyyətli məsələlərdə dövlətimizin prinsipial mövqe nümayiş etdirməsi olduqca təqdirəlayiq haldır. Yanvarın 6-da Prezident İlham Əliyevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən Rusiya səmasında vurulmuş və Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər bir həftə öncə hava limanında AzTV-yə müsahibəsi zamanı verdiyi açıqlamaların məntiqi davamıdır.

Pilotların və ekipaj üzvlərinin peşəkarlığını və qəhrəmanlığını yüksək qiymətləndirən Cənab Prezident, eyni zamanda, bir daha bəyan etdi ki, Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Bu, danılmaz faktdır və Rusiya tərəfi də bunu heç cürə dana və ya ört-basdır edə bilməz. Çünki faktı təsdiqləyən gerçəkliklər ortadadır. Ona görə də Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdləri bizim hər birimizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur.

Dövlətimizin başçısı bildirdi ki, hazırda Braziliyada təyyarəmizin “qara qutu”larının şifrəsinin açılması prosesi gedir və heç şübhəsiz ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Amma “qara qutu”ların şifrəsinin açılması prosesinin yekun nəticələrini gözləmədən də əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının başlıca günahı bilavasitə Rusiyanın əlaqədar strukturlarının, o cümlədən HHM sistemlərinin işə salınmasına, təyyarəmizin vurulmasına əmr vermiş şəxslərin üzərindədir.

Bu baxımdan Azərbaycanın baş vermiş təyyarə faciəsinə ədalətli münasibət tələb etməsi tamamilə doğru mövqedir. Dövlət başçımız birmənalı şəkildə bəyan etdi ki, "biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik". Rusiya tərəfi bu məsələdə manipulyasiyalara yol verməməlidir. Biz əminik ki, Prezident İlham Əliyevin prinsipiallıq nümayiş etdirməsi və günahkarların cəzalandırılmasını tələb etməsi müsbət nəticəsini verəcək.

Əslində, ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin mövcudluğu da Rusiya tərəfindən bu məsələdə tam obyektiv, ədalətli davranış sərgiləməsini tələb edirdi. Lakin əfsuslar olsun ki, təyyarəmizin vurulmasından sonrakı ilk üç gün ərzində Rusiya rəsmilərinin əcaib açıqlamaları və reallıqdan uzaq versiyaları bizdə onların obyektivliyinə ciddi şübhələr yaratdı. Bunu Prezident İlham Əliyev də AZAL-ın təyyarəsində həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə vurğuladı: "Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı".

Ona görə də bütün təkliflərə və təkidlərə baxmayaraq Azərbaycan tərəfi MDB-nin Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına haqlı olaraq qəti etiraz etdi və bu prosesin Braziliyada həyata keçirilməsinə nail oldu. Hazırda Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin də iştirakı ilə Braziliyada “qara qutu”ların təhlili aparılır və yəqin ki, yaxın gələcəkdə bu günə qədər hələ də açıq olmayan bütün digər məsələlər də tam şəkildə üzə çıxacaq. Azərbaycanın bu cür prinsipial mövqeyi bütün dünyada təqdirlə, rəğbətlə qarşılanır. Dünya birliyi bir daha gördü və əmin oldu ki, biz bütün hallarda öz haqqımızı müdafiə etməyi bacarırıq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş