İranın televiziya kanallarında qonşu Azərbaycana qarşı təxribatçı çıxışlar anormal sayılmır, ancaq iranlı ekspertlərdən birinin “İran İraqda olduğu kimi Suriyada da ABŞ-la birgə hərəkət etməli, silahlı kürdlərə dəstək verməlidirlər” sözləri normal sayılır. Jurnalistin “kimə qarşı ABŞ-la birgə hərəkət etməliyik” dəqiqləşdirici sualına iranlı ekspert rahat şəkildə “Türkiyəyə qarşı” cavabını verib. Deməli, İran müsəlman ölkəsi olan qonşusu Türkiyəyə qarşı şeytan adlandırdığı Amerika ilə birgə fəaliyyətə üstünlük verir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bu həmin ekspertin şəxsi fikri və qənaəti deyil:
"Tehranda və Qumda belə düşünənlərin sayı az deyil. Türkiyəni hədəf seçən Azərbaycanı da hədəf seçər. İranlı rəsmilərin Azərbaycana səfərlərinə və Bakıya etdikləri telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər".
Politoloq deyib ki, İranda xarici siyasəti müəyyənləşdirən vahid mərkəz yoxdur:
"Tutaq ki, İran Prezidenti Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin normallaşmasını istəyir, isti mesajlar göndərir, üstündən bir neçə gün keçir ali dini liderin hansısa nümayəndəsi Azərbaycan və Türkiyə ilə bağlı ağzına gələni danışır və həmin fikirlər televiziya kanalları vasitəsilə İranın hər yerinə yayılır. İran Prezidenti nə qədər xoş niyyətli olsa da, onun başı üstündən qərar verənlər normallaşmanın əleyhinədirlər".
Anar Əliyev