2024-2025-ci tədris ili üzrə I yarımilin yekunları və II yarımilə hazırlıqla əlaqədar ümumi təhsil müəssisələrində Pedaqoji şuraların iclasları keçirilir.
Newscenter.az xəbər verir ki, iclasların keçirilməsində əsas məqsəd I yarımilə dair fəaliyyəti nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.
Pedaqoji şuraların toplantılarında məktəb direktorları, müavinlər və psixoloqların məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.
İclaslarda 2024-2025-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması və qarşıda duran digər vəzifələr barədə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir, müəllimləri maraqlandıran suallar cavablandırılır.
Qeyd edək ki, Pedaqoji şura iclasları pedaqoji kollektivin hər bir üzvünü təhsil müəssisələrinin idarəolunmasına cəlb etməklə, qarşıda duran aktual məsələlər barədə kollegial qərarların qəbul olunmasına imkan verir.
Ruhiyyə Mehdiyeva