İranın Gilan əyalətində "Nəzir" adlı yeni radiolokasiya sistemi qurduğu iddiası ilə bağlı yayılan məlumatlar real hərbi gücdən daha çox psixoloji təsir məqsədi güdür. Hədəf region ölkələrini qorxutmaq və daxili auditoriyasına "hegemon güc" obrazı təqdim etməkdir.
Newscenter.az xəbər verir ki, bunları tarixçi Rəfail Eminov deyib. O bildirib ki, radarın 800 km məsafəni tutduğu iddia olunsa da, bu göstərici yalnız nəzəri hesablamalara əsaslanır:
"Əməliyyat şəraitində belə bir performans çox çətindir. Yaxud, 30 km hündürlük. Atmosfer qatlarının xüsusiyyətləri və elektromaqnit dalğalarının yayılma məhdudiyyəti bu iddianı şübhəli edir.
Azərbaycanın relyef üstünlüyü İranın Gilan əyalətindən nəzarəti əhəmiyyətli dərəcədə çətinləşdirir. "Nəzir" radarı Azərbaycanın hava məkanını tam əhatə edə bilməz".
Rəfail Eminov deyir ki, psixoloji hücumun əsas məqsədləri qorxu yaratmaq, region ölkələrində, xüsusilə Azərbaycanda narahatlıq mühiti formalaşdırmaqdır:
"Media vasitəsilə təsir. Şişirdilmiş texnologiya xəbərləri ilə öz üstünlüyünü göstərmək.
Siyasi təzyiq. Azərbaycanın hərbi və siyasi qərarlarına təsir etmək. Azərbaycan bu cür təbliğatları təsirsiz hala gətirmək üçün güclü hərbi və texnoloji imkanlara malikdir.
Azersky və Azerspace peykləri region üzərində dəqiq nəzarət imkanı verir. Müasir radar və hava hücumundan müdafiə sistemləri İranın hərbi iddialarını balanslaşdırır. Radar pozucu texnologiyalar düşmən sistemlərini təsirsiz edir".
Rəfail Eminov qeyd edib ki, İranın "Nəzir" sistemi ilə bağlı yaydığı informasiya daha çox psixoloji təsir məqsədi daşıyır:
"Azərbaycan isə texnoloji və hərbi üstünlükləri ilə bu cür təhdidlərə qarşı tam hazırlıqlıdır".
Anar Əliyev