
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) “kritik missiyası” olmayan, “əsas liderlik” rolunda iştirak etməyən və xüsusi təyin olunmuş proqramlara cavabdeh olmayan kadrların fevralın 8-dən etibarən inzibati məzuniyyətə göndəriləcəyini açıqlayıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, işə davam edəcəyi gözlənilən personalın sabah axşam saatlarında məlumatlandırılacağı, ABŞ-dan kənarda çalışan USAİD əməkdaşlarının geri qaytarılması üçün planların hazırlandığı bildirilib.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin 2025-ci ilin yanvarında dərc edilmiş hesabatına əsasən, USAID-in 10 000-dən çox əməkdaşının təxminən üçdə ikisi 60-dan çox ölkədə və regional missiyalarda xaricdə xidmət edir.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb.
Sözügedən sənədlə ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
Anar Əliyev